İmişlidə kollektor-dren şəbəkəsi lildən təmizlənir VİDEO
İmişli, 29 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə kollektor-drenaj kanallarının qazılması və təmizlənməsi mütəmadi olaraq nəzarətdə saxlanılır. Əsas məqsəd əkin sahələrində yüksək keyfiyyətli məhsul əldə edilməsi və torpağın münbitliyinin təmin olunmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsi tərəfindən hazırda təsərrüfatdaxili və daşıyıcı kollektorlarda lildən təmizləmə işləri aparılır. Kənd təsərrüfatı məhsullarının daha keyfiyyətli becərilməsi, o cümlədən əkinəyararlı sahələrin şoranlaşmasının qarşısının alınmasında kollektor-drenaj sistemləri mühüm əhəmiyyətə malikdir.
Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsi üzrə baş mühəndis Əlisafa Paşayev söyləyir ki, idarə tərəfindən 26500 hektar suvarılan torpaqlara 1490 kilometr drenaj və kollektor kanallar vasitəsilə xidmət göstərilir. Kollektor və dren şəbəkələrinin təmizlənməsi üçün müxtəlif tipli ekskavatorlar cəlb edilib. İdarənin maşın-mexanizmləri hesabına təkcə 2021-ci ildə kənddaxili kollektorlar üzrə 306 kilometr kanal lildən təmizlənib. Bundan başqa, kollektor şəbəkəsi üzərində yerləşən 57 ədəd hidro qurğuda cari təmir işləri yerinə yetirilərək kiçik diametrli ötürücülər daha iri borularla əvəzlənib. Bu da öz növbəsində qrunt sularının ötürülməsində mühüm əhəmiyyətə malikdir.
Bundan başqa təsərrüfatlararası kollektorlarda da işlər aparılır. Həmçinin daşıyıcı kanal olan K2 və K3 kollektorunda lildən təmizləmə işləri yerinə yetirilir.