İmişlidə Ramazan bayramı ilə əlaqədar şəhid ailələri ziyarət olunub
İmişli, 21 aprel Aydın Yavərzadə, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı Ramazan bayramı ilə əlaqədar “Əmanətiniz baş tacımızdır” adlı aksiya keçirib. Aksiya çərçivəsində İmişli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib, onlara bayram sovqatı paylanılıb.
YAP İmişli Rayon təşkilatından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, görüşlər zamanı şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir dilənilib. Vurğulanıb ki, Azərbaycan artıq 3 ildir müqəddəs Ramazan bayramını qalib ölkə, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət kimi qeyd edir.
YAP İmişli Rayon təşkilatının sədri Səfa Ağayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuzun tarixi torpaqlarımızı düşmən işğalından azad edərək tarixi ədaləti bərqərar etdiyini diqqətə çatdırıb.
Həmçinin Qələbəni bizlərə qanları ilə bəxş edən şəhidlərimizin ailələrinin, qazilərimizin hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı ilə əhatə olunduqları bildirilib.
Hər bir şəhid ailəsinin üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Aksiya çərçivəsində ümumilikdə 500 şəhid, qazi və imkansız ailəyə bayram sovqatı paylanılıb.