İmperiyanın sonu: Fransanın çöküşü və Avropanın gələcəyi - ŞƏRH
Bakı, 20 oktyabr, AZƏRTAC
Dünyada daha bir imperiyanın çöküşünü izləyirik. Müstəmləkələr bir-bir əldən çıxır, gəlirlər azalır və daxildə çaxnaşma başlayır. Söhbət Fransadan gedir. 2017-ci ildən Emmanuel Makronun hakimiyyətə gəlişi ilə Fransada böhran dərinləşməyə başlayıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyib.
Siyasi şərhçi qeyd edib ki, əvvəlcə Afrika ölkələri Fransanın imperialist siyasətinə qarşı çıxdı və bir-bir fransızlar ölkədən qovuldu.
“Zaman keçdikcə Makronun digər regionlarda da sözü keçmədi. Fransa demək olar ki, bütün ərazilərdən çəkilib, ön qınına yerləşdi. Bu isə ölkə daxilində problemləri ortaya çıxarmağa başladı. Onilliklər boyu Afrika, Asiya və dünyanın digər bölgələrində yerli xalqları istismar edib, onları hətta yaşamaq üçün minimum qida və suya məhrum qoyan Fransa bunun sayəsində fransızların lüks yaşayışını təmin etmişdi. Hər gün minlərlə afrikalı aclıq və susuzluqdan öldüyü halda, fransızlar ən bahalı restoranlarda və hotellərdə istirahət edirdi. Fransa əsgərləri və diplomatları hər yerdən qovulduqdan sonra məlum oldu ki, ölkə iqtisadiyyatı əslində bu yaşam tərzini qarşılaya bilmir. Makron və komandası isə ciddi maliyyə və iqtisadi islahatlar aparmaq əvəzinə təhsil, səhiyyə və sosial təminatla bağlı digər sahələrə ayrılan vəsaiti ixtisar etməklə vəziyyətdən çıxmağa çalışdı. Nəticə isə göz qabağındadır. Əvvəlcə təhsil işçiləri və şagirdlər aksiyalara qoşuldular, ardından isə kütləvi mitinqlər başladı. Hadisələr qısa müddətdə nəzarətdən çıxdı. Proseslərin daha kütləvi hal almasına isə polisin dinc aksiya iştirakçılarına sərt müdaxiləsi və həbslər səbəb oldu. Düşünürəm ki, aksiyalarında diqqət edilməli əsas məqamlardan biri ideoloji boşluqdur. İnsanlar meydana fərqli ölkələrin bayraqları ilə çıxır, şüarlar da daha yaxşı Fransa üçün deyil, şəxsi istəklərlə bağlıdır. Əslində Fransada insanları birləşdirən yaxşı yaşayış və yüksək gəlirlər idi. İdeologiyası pula bağlı olan cəmiyyətin isə hesabındakı vəsait azalanda, yaşayış standartları geriləyəndə etiraz etməsi normal idi”, - deyə siyasi şərhçi vurğulayıb.
A.Balayev bildirib ki, bütün baş verənlər fonunda normal olmayan bir məsələ var idi: “Avropa İttifaqı və onun parlamentinin baş verənlərə qarşı kar, kor və lal olması. Bəs insan haqları, söz və sərbəst toplaşmaq azadlığına nə oldu? Artıq hər kəs anlamalıdır ki, Fransa demokratiyanı öz imperialist maraqlarını həyata keçirmək üçün alət kimi istifadə edir. Kimlərsə bəlkə Avropa İttifaqını bu baxımdan daha mütərəqqi qurum hesab edə bilər, amma onu da anlamalıyıq ki, ittifaq da bu gün Fransanın təsirindədir. Sərt səslənsə də daha açıq deməkdə fayda var – Avropa İttifaqı Fransanın müstəmləkəsidir. İndi Afrika ölkələrinin yolu ilə getmək növbəsi onlardadır. Ya Fransa təsirindən azad olmalıdırlar, ya da fransızların daha yaxşı yaşaması üçün çalışmaq növbəsi onların olacaq”.