İndoneziyada 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı silsilə tədbirlər keçirilib
Cakarta, 19 yanvar, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Cakartada silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk olaraq səfirlik tərəfindən 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan və 20 Yanvar faciəsi ilə bağlı tarixi faktları özündə əks etdirən videoçarxın alt yazısının İndoneziya dilinə tərcümə olunaraq yutub və digər sosial mediada yerləşdirilməsi həyat keçirilib. Həmin videoçarxa aşağıdakı link vasitəsilə keçid edilə bilər:
https://www.youtube.com/watch?v=W--e0Ns6WQ4
Həmçinin, Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, səfirliyin yerləşdiyi şəhərciyin yaşıllıq zonasında səfir Cəlal Mirzəyevin və səfirliyin əməkdaşlarının iştirakı ilə ağac əkilib.
Son olaraq, səfirlik tərəfindən 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar yerli medianın - “TV1” televiziya kanalının, “RRİ Pro 3” ictimai yayım radiosunun, ANTARA Milli Xəbər Agentliyinin, “Miraj” Xəbər Agentliyinin və digər mətbuat orqanlarının, ali təhsil məktəblərinin, İslam Əməkdaşlıq Təşkilatının və ASEAN-ın Gənclər Təşkilatlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda “Qara Yanvarı xatırlayırıq” adlı anım tədbiri təşkil edilib.
Görüşün giriş hissəsində səfir Cəlal Mirzəyev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəyanatını səsləndirib. 20 Yanvar tarixinin Azərbaycan xalqı üçün azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı olduğunu bildirib. Bu tarixin hər il yad edildiyini, müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olması ilə yanaşı, həmin gün azadlıq və müstəqillik üçün canından keçən Vətən övladlarının əziz xatirəsinin yad olunduğunu bildirib.
Sonra səfirliyin ikinci katibi İntiqam Hüseynov “Qara Yanvar faciəsinin tarixi və siyasi aspektləri” adlı təqdimatla çıxış edib. Təqdimatda 20 Yanvar faciəsinin başvermə səbəbləri, tarixi və siyasi aspektləri barədə geniş məlumat verilib.
Görüş çərçivəsində iştirakçılara Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan və 20 Yanvar faciəsi ilə bağlı tarixi faktları əks etdirən videoçarxın alt yazısının səfirlik tərəfindən İndoneziya dilinə tərcümə etdirilmiş variantı, həmçinin “Diplomatiya könüllüləri”nin hazırladıqları videolar təqdim edilib.
Sonda iştirakçılar tərəfindən verilən suallar ətraflı cavablandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta