İndoneziyada bir gün əvvəl əlaqənin kəsildiyi sualtı qayığın axtarışları davam etdirilir
Tokio, 22 aprel, AZƏRTAC
İndoneziya dəniz polisi də hərbi dəniz qüvvələrinin bir gün əvvəl itkin düşmüş sualtı qayığının axtarışlarında iştirak edəcək.
AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, qayığın Bali adası sahillərində Tselukan Bavanq limanı yaxınlığında batdığı güman edilir.
Aprelin 22-də İndoneziya hərbçiləri göyərtəsində 53 nəfərin olduğu sualtı qayığı tapmaq üçün hərbi gəmilərin iştirakı ilə axtarışları davam etdiriblər. Axtarışlara bir helikopter və altı hərbi gəmi cəlb edilib. Axtarışlara Sinqapur və Malayziya hərbi gəmiləri də cəlb olunub.
İndoneziya hərbi dəniz qüvvələrinin məlumatına görə, sualtı qayığın aprelin 21-də səhər saatlarında hərbi təlimlərdə iştirak etmək üçün suyun altına endikdən sonra batdığı güman edilir. Qeyd olunur ki, Almaniya istehsalı olan “KRI Nanggala 402” sualtı qayığı döyüş torpedaları ilə atəş açmağa hazırlaşırmış. Lakin suyun altına endikdən sonra qayıqla əlaqə kəsilib.
İndoneziya hərbi dəniz qüvvələrinin admiralı Culius Vicoho bildirib ki, aprelin 22-də bütün axtarış qrupları bir gün əvvəl aşkar edilmiş neft ləkəsi rayonunda toplaşıblar. Qayığın olduğu yer hələlik tam dəqiqləşməyib.
Qeyd edək ki, ABŞ, Avstraliya, Fransa və Almaniya da sualtı qayığın axtarışları üçün yardımlarını təklif edib.