İndoneziyada COVID-19-dan ölənlərin sayında antirekord qeydə alınıb VİDEO
Tokio, 5 iyul, AZƏRTAC.
İyulun 4-də İndoneziyada COVID-19 virusundan ölənlərin sayında antirekord qeydə alınıb. AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, səhiyyə orqanlarının yeni yoluxma halları ilə mübarizə aparmasına baxmayaraq, həmin gün 555 nəfər həyatını itirib.
Səhiyyə Nazirliyinin bildirdiyinə görə, həmin gün bütün ölkə üzrə 27 min 233 yeni yoluxma halı qeydə alınıb. Bunun səbəbi kimi ilk dəfə Hindistanda qeydə alınan “delta” ştamının ölkə ərazisində yayılması göstərilir.
Bununla yanaşı, nazirliyin yaydığı məlumatda bildirilir ki, şənbə gününədək ölkə üzrə xəstəxanalarda yataqların 80 faizi artıq dolub. Həmçinin paytaxt Cakartada bu rəqəm 92 faizə çatıb. Bu şəhərin pandemiyadan daha çox əziyyət çəkdiyi vurğulanır.
İndoneziya hökumətinin bildirdiyinə görə, ölkə üzrə oksigenə olan tələbat beş dəfədən çox artıb. Tibbi oksigenə olan tələbatı ödəmək üçün, bu məhsulun istehsalı ilə məşğul olan şirkətlərə istehsalı artırmaq göstərişi verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio