İnflyasiyanın yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib
Bakı, 30 dekabr, AZƏRTAC
Cari ildə pul siyasəti adekvat monetar şərait vasitəsilə inflyasiya təzyiqinin yumşaldılmasına yönəldilib, pul siyasəti ilə məcmu tələbin izafi artımı məhdudlaşdırılıb. Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması ilk dəfə faiz dəhlizinin banklararası bazara təsir göstərməsinə imkan verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Rəsmi statistikaya görə, illik inflyasiya 2022-ci ilin noyabrında 15,1 faiz (2022-ci ilin noyabr ayı 2021-ci ilin noyabr ayına nəzərən) təşkil edib, orta illik inflyasiya isə 13,8 faiz olub. Baza inflyasiya noyabrda illik 14,7 faiz, on bir ayda orta illik 11,4 faiz təşkil edib. 2022-ci ildə də inflyasiyanın yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Noyabrda inflyasiya illik əsasda ərzaq məhsulları üzrə 20,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,1 faiz, xidmətlər üzrə 10,7 faiz olub.
Təhlillər göstərir ki, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır. İdxal üzrə illik qiymət indeksinin artımı 10 ayda 22,1 faiz olub ki, bu da dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yüksəlməsi, tərəfdaşlarda inflyasiya templərinin artması ilə izah edilir. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. Valyuta bazarında tarazlıq, nominal effektiv məzənnənin bahalaşması və qəbul edilən pul siyasəti qərarlarının təsiri altında formalaşan monetar şərait inflyasiya təzyiqlərini əhəmiyyətli məhdudlaşdırıb. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib. Dekabr ayında aparılan sorğulara görə ev təsərrüfatlarının 81,9 faizi inflyasiya gözləyir, o cümlədən respondentlərin 22,4 faizi inflyasiya tempinin yüksələcəyini düşünür. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə inflyasiya gözləntiləri 11 ayda orta hesabla ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sənayesində və tikintidə azalıb, ticarət və xidmət sektorunda artıb. Hesabat dövründə tədiyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir edib ki, bu da qiymət sabitliyinin başlıca lövbərini - məzənnə sabitliyini dəstəkləyib. 2022-ci ilin 11 ayında manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 7,9 faiz bahalaşıb ki, bu da inflyasiyaya məhdudlaşdırıcı təsir edib. Təhlillər göstərir ki, nominal effektiv məzənnənin 10 faiz bahalaşması inflyasiyanı təqribən 3 faiz bəndi azaldır.