İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİ ÜZRƏ BEYNƏLXALQ FORUM BAŞA ÇATMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, forum çərçivəsində Ə.Abbasovun “Microsoft” şirkətinin, həmçinin şirkətin region üzrə aparıcı rəhbərləri ilə görüşləri olmuşdur. Şirkətin prezidenti Bill Geyts ilə görüşdə bir sıra məsələlər müzakirə edilmiş və Rusiya, Ukrayna, Qazaxıstanın ardınca şirkətin Zaqafqaziyada ilk ofisinin Azərbaycanda açılacağı bildirilmişdir.
Nazir forum çərçivəsində Bolqarıstanın dövlət administrasiyası və inzibati islahatlar naziri Nikolay Vasiliyev, Portuqaliyanın elm, texnologiya və ali təhsil naziri Joze Kaqo, Çexiyanın informatika naziri xanım Dana Berova, Macarıstanın informatika və informasiyalaşdırma naziri Kalman Kovaç, Bosniya və Herseqovinanın elm və texnologiyalar naziri Fuad Turaviçin, Finlandiyanın dövlət naziri Cühani Turnen və Latviyanın elektron hökumət naziri Yanis Reyrslə ikitərəfli görüşlər keçirmiş, Azərbaycanda İKT sahəsində aparılan islahatlar və görülən işlər, eyni zamanda ölkələrimiz arasında İKT sahəsində əlaqələr və onun gələcək perspektivləri ilə bağlı müzakirələr aparmışdır. Ə.Abbasov, həmçinin Londan İqtisad Universitetinin direktoru professor Ser Hovard Devislə görüşmüş, yüksək texnologiyalar sahəsində iqtisadçı kadrların hazırlanması məsələsini müzakirə etmişdir.