İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL MİLLİMƏCLİSDƏ HESABAT VERMİŞDİR
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova məruzəsində demişdir ki, fəaliyyətə başladığı ilk günlərdən ombudsman bilavasitə şikayətlərin baxılmasına və pozulmuş hüquqların bərpasına xüsusi diqqət göstərmişdir. Hesabat dövründə ombudsmanın ünvanına 4 min 500 müraciət daxil olmuşdur ki, onun da 93,5 faizini şikayətlər təşkil etmişdir. Bu şikayətlərin 32,7 faizi vətəndaş və siyasi hüquqların, 67,3 faizi isə iqtisadi və sosial hüquqların pozulması barədədir. Şikayətlərin 6,6 faizi məhkumlardan və onların ailə üzvlərindən, 7,1 faizi hərbi qulluqçulardan, 6,9 faizi isə qaçqın və məcburi köçkünlərdən daxil olmuşdur. Müvəkkil şikayətlərin 53,6 faizinə baxılmasından imtina etmiş, 46,4 faizi isə baxılmaq üçün qəbul edilmişdir. Baxılmaq üçün qəbul olunan şikayətlərin də 23,1 faizi tam, 5,8 faizi isə qismən təmin edilmişdir. Vətəndaşların sosial, iqtisadi və digər sahədə hüquqpozmalarını aradan qaldırmaq məqsədi ilə Obmudsman aparatının əməkdaşları yerlərə ezam olunur, maarifləndirmə işinə xüsusi diqqət yetirirlər. Bu məqsədlə ombudsman bölgələrdə yerli strukturlarını yaratmışdır. İşin daha səmərəli olması üçün dövlət qurumları ilə sıx əməkdaşlıq edilir, beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirilir və bir sıra beynəlxalq ombudsman institutları ilə münasibət yaradılmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Ombudsman deputatların irad və təkliflərinə, eləcə də suallarına cavab verdikdən sonra Milli Məclis qurumun fəaliyyətini qənaətbəxş saymış və bununla bağlı müvafiq qərar qəbul etmişdir.