İnsanlığa və humanizmə qarşı törədilən cinayət
Bakı, 19 yanvar, AZƏRTAC
1990-cı il yanvar ayının 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözlər ASC-də 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimində qeyd olunub.
“Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov bildirib ki, 1990-cı ilin qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi, yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.
S.Məmmədov diqqətə çatdırıb ki, ilk dəfə ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək keçmiş Sovet hakimiyyəti tərəfindən dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi qiymətləndirərək, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini bildirmişdir. “Ümummilli lider yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə “Qanlı Yanvar” hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, eyni zamanda, Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canlarını uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirdi. Bu gün də bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.”
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr edilmiş film nümayiş etdirilib.