CƏMİYYƏT
İnternetdən istifadə mövzusunda uşaqlar arasında esse müsabiqəsinin keçirilməsi təklif olunur

Bakı, 2 oktyabr, AZƏRTAC
Vətən müharibəsində Zəfərimiz qalib ölkənin vətəndaşı kimi hər birimizin, həmçinin gənclərin, uşaqların üzərinə məsuliyyət qoyur. Biz Qələbəmizə layiq olmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Rəşad Məcid “Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda oktyabrın 2-də keçirilən konfransda səsləndirib.
O, uşaqların informasiya təhlükəsizliyi məsələsindən danışan natiq mühüm məqamlara toxunub. Bildirib ki, uşaqların 46 faizi öz mobil telefonundan, 16 faizi valideynlərinin telefonu vasitəsilə internetdən istifadə edir.
“Düşünürəm ki, internetdən istifadə mövzusunda uşaqlar arasında esse müsabiqənin keçirilməsi bu sahədə mövcud problemlərin haradan qaynaqlandığını bizə müəyyən etməyə imkan verəcək. Biz bununla onların öz arzu, istəklərini öyrənər, təhlükənin qarşısının alınması istiqamətində nələr etmək lazım gəldiyini müəyyən edə bilərik”, - deyə Rəşad Məcid qeyd edib.