“Intpolicydigest”: Albaniya Türkiyəyə yönəlir
Budapeşt, 31 mart, AZƏRTAC
“Intpolicydigest” nəşrində müəllif Piter Teys tərəfindən dərc olunan məqalədə Albaniyanın dəyişən geosiyasi kursu və bunun arxasında duran səbəblər təhlil edilir. Müəllif yazır ki, Balkan regionunda Rusiyanın artan təsiri fonunda Tirana yeni təhlükəsizlik tərəfdaşları axtarmağa başlayıb.
Teysin fikrincə, Albaniya formal olaraq Qərb strukturlarına inteqrasiya xəttini davam etdirsə də, praktikada Türkiyə ilə əməkdaşlıq getdikcə daha vacib rol oynayır. Bu yaxınlaşma, əsasən, müdafiə və təhlükəsizlik sahələrində özünü göstərir. Məqalədə vurğulanır ki, Türkiyə regionda həm hərbi, həm də siyasi baxımdan daha çevik tərəfdaş kimi çıxış edir.
Müəllif hesab edir ki, Türkiyənin çoxvektorlu xarici siyasəti ona regionda təsirini artırmaq imkanı verir. Ankara həm NATO üzvü kimi Qərblə əlaqələri saxlayır, həm də daha müstəqil regional oyunçu kimi çıxış edir.
Teys nəticə olaraq bildirir ki, Albaniyanın Türkiyəyə yönəlməsi təkcə ikitərəfli münasibətlərin güclənməsi deyil, həm də Balkanlarda yeni güc balansının formalaşmasının göstəricisidir. Bu proses regionda geosiyasi rəqabətin daha da kəskinləşəcəyinə işarə edir.