IOM rəsmisi: Mənzil insan üçün yalnız iqtisadi deyil, sosial dəyər və təhlükəsizlik məsələsidir
Bakı, 22 may, AZƏRTAC
İnsanları mənzillə təmin etmək mövzusu çox vacibdir. Çünki burada təkcə mənzil məsələləri deyil, həmçinin mənzil maliyyələşməsi, əlçatanlıq, bu sahədəki çətinliklər, iqlim miqrasiyası və mobillik problemləri də müzakirə olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Pakistan üzrə bərpa və dayanıqlı həllər üzrə müşaviri Sumera Izhar deyib.
Müşavir qeyd edib ki, bunlar mənzil sektorunu müəyyən edən əsas mövzulardır.
“Bu gün səhər keçirilən sessiyada çox maraqlı bir fikir səsləndirildi. Mənzil artıq yalnız iqtisadi məsələ kimi deyil, insan üçün aktiv və dəyər kimi qəbul edilməlidir. Həqiqətən də insanlar qazandıqları vəsaiti əsasən evlərinə yatırırlar. Biz də Beynəlxalq Miqrasiya Təşkilatı olaraq icmalarla işləyirik, onlara qərarvermə prosesində iştirak etməyi və evlərinə sahib çıxmağı öyrədirik. Məqsəd insanların öz evlərində məmnuniyyət və qürur hissi ilə yaşaması, eyni zamanda, uzunmüddətli perspektivdə həmin evləri qoruyub saxlaya bilməsidir. Belə olduqda onlar mənzil məsələsində davamlı şəkildə xarici maliyyə və dəstək axtarmağa ehtiyac duymurlar”, - deyə o əlavə edib.