Vesna Kolar Planinşiç: SEQ sadəcə hesabat deyil, transformasiya vasitəsidir
Bakı, 22 may, AZƏRTAC
Strateji Ekoloji Qiymətləndirmə (SEQ) protokolunun bir neçə əsas tələbi mövcuddur. Bunlardan biri “screening” mərhələsidir, yəni prosesin əvvəlində çoxdetallı meyarlar əsasında Strateji Ekoloji Qiymətləndirmənin aparılıb-aparılmayacağına qərar verilməsi. Daha sonra “scoping” mərhələsi gəlir. Bu mərhələdə ətraf mühit hesabatının əsas məqsədləri və mövzuları müəyyən edilir. Bundan sonra ətraf mühit hesabatı hazırlanır.
AZƏRTAC xəbər verir ki, bunu Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Enerji Nazirliyinin katibi Vesna Kolar Planinşiç WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib. "Daha əvvəl də qeyd olunduğu kimi, bu hesabat sadəcə sənəd və ya formal hesabat deyil, əsl transformasiya vasitəsidir. O, müxtəlif alternativləri qiymətləndirir, həll yollarının tapılmasına kömək edir və tərəflər bu hesabatların kifayət qədər yüksək keyfiyyətdə hazırlanmasını təmin etməlidirlər. Hesabatlar etibarlı məlumatlara və elmi əsaslandırmaya söykənməlidir. Növbəti vacib məsələ ətraf mühit və səhiyyə orqanları kimi dövlət qurumları ilə məsləhətləşmələrdir. Eyni zamanda, daha əvvəl qeyd olunduğu kimi, transsərhəd məsləhətləşmələr də mühüm əhəmiyyət daşıyır. Burada bildiriş, məsləhətləşmə və yekun qərar mərhələləri mövcuddur və bunlar öhdəlik xarakteri daşıyır. Biz bununla hər gün bir çox BMT ölkəsində, eləcə də öz ölkəmizdə məşğul oluruq.
Ölkəmiz kiçikdir, Adriatik sahili boyunca yerləşir və İtaliya, Avstriya, Macarıstan və Xorvatiya ilə həmsərhəddir. Buna görə də demək olar ki, hər ikinci prosedur müəyyən mənada transsərhəd xarakter daşıyır. Ən azı bildirişlər göndərilir və biz geniş əməkdaşlıq edirik. Qərar qəbuletmə mərhələsinin sonunda ictimaiyyət planın qəbul olunması və daxil olan bütün rəylərin necə nəzərə alındığı barədə məlumatlandırılmalıdır. Plan qəbul edildikdən sonra isə monitorinq aparılmalıdır. Müşahidələr göstərir ki, monitorinq hələ də zəif tərəflərdən biridir. Çünki nəticələr davamlı izlənilməli və növbəti planlaşdırma mərhələsində təkmilləşdirilməlidir".