Qanadan olan fiziki məhdudiyyətli iştirakçı: Əlçatanlıq texniki məsələ deyil, insan hüququdur
Bakı, 22 may, AZƏRTAC
Son on il ərzində Yeni Şəhərsalma Proqramı şəhərlərin əlilliyi olan şəxslər və gənclər üçün inklüziv, əlçatan, təhlükəsiz və dayanıqlı olmasının vacibliyinin qlobal səviyyədə tanınmasını gücləndirib. Bu isə inklüziv nəqliyyat, əlçatanlıq, ictimai məkanlar, mənzil təminatı və şəhər qərarlarının qəbulunda iştirak kimi sahələrdə təşviqat aparmaq üçün mühüm imkan yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu Qanadan olan fiziki məhdudiyyətli iştirakçı Ester Nagetey Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Yeni Şəhərsalma Proqramı üzrə növbəti 10 il üçün birgə səylərimiz" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
"Mənim üçün – əlilliyi olan bir qadın, Qanadan olan bir şəxs kimi inklüziv infrastruktur abstrakt anlayış deyil. Bu, mənim sərbəst hərəkət edib-etməyəcəyimi, cəmiyyətdə tam və bərabər iştirak edə bilib-bilməyəcəyimi müəyyən edir. Lakin bir çox hallarda tətbiq qeyri-bərabər qalır. Çünki əlçatanlıq hələ də insan hüququ kimi deyil, texniki məsələ kimi qəbul edilir. Bu səbəbdən bir çox şəhər və icmalar əlçatan deyil və əlilliyi olan şəxslər mənzil, nəqliyyat, ictimai məkanlar və rəqəmsal xidmətlərdə maneələrlə üzləşməkdə davam edirlər. Həmin boşluq öhdəliklərin olmamasından deyil, daha çox onların həyata keçirilməməsindən və əlilliyi olan şəxslərin qərarqəbuletmə proseslərindən kənarda qalmasından qaynaqlanır. Afrika sürətlə urbanizasiya olunduğu bir dövrdə bərabərliyə əsaslanan ləyaqətli həyatın təmin olunmasını sürətləndirmək üçün imkanımız var. Buna görə də biz Yeni Şəhərsalma Proqramının yaratdığı imkanlardan istifadə etməyə davam etməli və şəhərlərin hər kəs üçün inklüziv olmasını təmin etməliyik".