AYİB: WUF13 Azərbaycanın dialoq üçün beynəlxalq platformada artan rolunun təsdiqinə çevrildi
Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkənin qlobal dialoq üçün beynəlxalq platforma kimi artan rolunun mühüm təsdiqinə çevrildi.
Bu fikri ifadə edən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze AZƏRTAC-a eksklüziv müsahibə verib.
O, forumun yüksək səviyyədə təşkil olunduğunu və geniş iştirakçı dairəsini bir araya gətirdiyini, dayanıqlı şəhər inkişafının əsas məsələləri üzrə məzmunlu və təcrübəyə əsaslanan müzakirələrin aparıldığını qeyd edib.
Agentliyin müsahibi vurğulayıb ki, COP29-dan bəri Azərbaycan beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə davam edərək mənzil siyasəti, şəhər infrastrukturunun dayanıqlığı və davamlı şəhər inkişafı kimi strateji sahələrdə çoxtərəfli əməkdaşlığa diqqət yetirib. AYİB nümayəndəliyinin rəhbərinin sözlərinə görə, bu mövzular uzunmüddətli iqtisadi sabitlik və əhalinin həyat keyfiyyəti ilə bilavasitə bağlıdır.
O əlavə edib: “Avropa Yenidənqurma və İnkişaf Bankı forumda fəal iştirak etdi: bankın nümayəndə heyəti müvafiq sessiyalara qatıldı və bir sıra tədbirlər təşkil etdi”.
Mouravidze, həmçinin qeyd edib ki, AYİB artıq Azərbaycanda, o cümlədən Gəncədə ekoloji cəhətdən təmiz və davamlı şəhər inkişafını dəstəkləməyi hədəfləyən “Yaşıl şəhərlər” proqramı vasitəsilə həyat üçün vacib olan konkret dayanıqlı inkişaf təşəbbüslərini həyata keçirir.
Müxbir – Tamilla Məmmədova