“44 gün: Qarabağ işğaldan - azadlığa” kitabı: tarixi həqiqətlərin elmi mənzərəsi
Bakı, 22 may, AZƏRTAC
“44 gün: Qarabağ işğaldan - azadlığa” kitabında Qarabağın ən qədim dövrlərdən bizim günlərə qədərki tarixi araşdırılıb tədqiq olunub, elmi cəhətdən mərhələlər üzrə təhlildən keçirilib və qiymətləndirilib. Burada Qarabağ sözünün etimologiyasından tutmuş Qafqaz Albaniyası dövründə, Hun və Xəzər imperiyaları zamanlarında, Səlcuqlar və Atabəylər mərhələlərində orta əsrlərdə xanlıqlar zamanı Qarabağda baş verən hadisələr xronoloji ardıcıllıqla mənbələr əsasında şərh edilib. Kitabdakı bu tarixi məqamlar Qarabağın qədim və əzəli Azərbaycan torpağı olması haqqındakı obyektiv reallığı dolğun və hərtərəfli şəkildə əks etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Dublində Triniti Universitetinin professoru Patrik Uolş və Gəncə Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Saidə İsmayılzadənin “44 gün: Qarabağ işğaldan - azadlığa” kitabının təqdimat mərasimində deyib. O bildirib ki, monoqrafiya Qarabağ probleminin tarixi kökləri, səbəbləri, mərhələləri, gedişatı və nəticələrini bir yerdə araşdırıb əks etdirən, elmi cəhətdən ümumiləşdirib təqdim edən ilk elmi tədqiqat əsəridir: “Patrik Uolş və Saidə İsmayılzadə kitabda II Qarabağ müharibəsi dövrünün tədqiqinə xüsusi olaraq iki fəsil həsr ediblər. Monoqrafiyanın üçüncü fəslində II Qarabağ müharibəsinin hüquqi və siyasi tərəfləri araşdırılıb. Burada Qarabağın beynəlxalq hüquqi statusu, BMT qətnamələri, Ermənistanın qanunsuz fəaliyyətləri və Minsk Qrupunun siyasəti təhlil olunub. Aprel döyüşlərinin II Qarabağ müharibəsindəki tarixi rolu regiondakı geosiyasi reallıqları aydınlaşdırmaq baxımından aydın elmi mövqedən işıqlandırılıb.
“II Qarabağ müharibəsi” adlanan IV fəsildə “Dəmir Yumruq” əməliyyatının mahiyyətini, hərbi-tarixi və ictimai-siyasi cəhətdən düzgün izah edilib. Kitab “Postmüharibə dövrü və yeni regional güc nizamı” fəsli ilə tamamlanır. Zəngəzur dəhlizinin mahiyyəti və əhəmiyyəti də 44 günlük Qarabağ müharibəsinin və Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və qətiyyətli siyasəti fonunda aydın surətdə görünür. Bu monoqrafiya Qarabağ haqqında həqiqətləri əks etdirən tarixi kitabdır. Kitab Qarabağı öyrənmək istəyənlər üçün əhəmiyyətli bir mənbə və etibarlı bələdçidir”.
Müxbir - Aysel Azadqızı