Məlumatların mövcudluğu mənzil sektorunda hesabatlılığı və qərarverməni gücləndirir
Bakı, 22 may, AZƏRTAC
Məlumat sistemlərinin inkişaf etdirilməsi şəhərsalma və mənzil siyasətində daha çevik və effektiv qərarların qəbuluna imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Misirin sabiq senatoru, mənzil üzrə ekspert Nihal El-Megharbel Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Məlumatların daha yaxşı şəhərlərə çevrilməsi: Jordanın mənzil və xidmətlərə inteqrasiya olunmuş yanaşması” mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, şəhər və mənzil sektoru müxtəlif mənbələrdən formalaşan məlumatlara əsaslanır. Bu məlumatlar həm dövlət qurumları, həm də statistik orqanlar tərəfindən toplanır və ümumi qərarvermə prosesinə töhfə verir. Bəzi məlumatlar sorğular əsasında əldə olunur və xüsusilə mənzil sektoru kimi daim dəyişən sahələrdə bu məlumatların vaxtında toplanması və təhlili olduqca vacibdir.
Ekspert bildirib ki, mənzil təminatı sektoru dinamik xarakter daşıdığından uzunmüddətli strategiyaların gözlənilməsi mümkün deyil və dəyişikliklər operativ şəkildə idarəetmədə əks olunmalıdır.
Onun sözlərinə görə, məlumatların vaxtında əldə olunması və paylaşılması həm planlaşdırmanı, həm də hesabatlılığı gücləndirən əsas amillərdən biridir və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi vacibdir.