BMT-nin Baş katibinin müavini: Dayanıqlı urbanizasiya qlobal çağırışların həllində əsas vasitələrdən biridir
Bakı, 22 may, AZƏRTAC
Mənzil böhranı və urbanizasiya qlobal çağırışların həlli üçün strateji əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekun mətbuat konfransında deyib.
O bildirib ki, mənzil böhranının həlli yalnız bir qurumun məsuliyyəti deyil və bu məsələ iqlim, səhiyyə, nəqliyyat, miqrasiya, enerji, məşğulluq, gender bərabərliyi və sosial müdafiə kimi bir çox sahələrlə əlaqəlidir.
Amina Mohammed qeyd edib ki, BMT sistemi və UN-Habitat adekvat mənzil və dayanıqlı şəhər inkişafı istiqamətində daha koordinasiyalı yanaşmanı gücləndirməyə davam edəcək.
BMT-nin Baş katibinin müavini vurğulayıb ki, qlobal hədəflərə yalnız ölkələr və yerli icmalar səviyyəsində həyata keçirilən fəaliyyətlər vasitəsilə nail olmaq mümkündür. Onun sözlərinə görə, şəhərlər uşaqlar, qadınlar, gənclər, əlilliyi olan şəxslər, yaşlılar, miqrantlar və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan insanlar daxil olmaqla hər kəs üçün işləməlidir.
O əlavə edib ki, lokal səviyyədə uyğunlaşma tədbirləri gələcək şəhər inkişafı siyasətlərində əsas prioritetlərdən biri olmalıdır.
Amina Mohammed WUF13 çərçivəsində təqdim olunan tərəfdaşlıqların və həll yollarının ümidverici olduğunu qeyd edərək bildirib: “Bakıdan verilən çağırış aydındır, dayanıqlı urbanizasiya etimadın bərpası və çoxtərəfliliyin yenilənməsi üçün ən güclü vasitələrdən biridir”.