WUF13: Kuenka şəhəri tullantıların idarə olunması sahəsində uğurlu təcrübəsini bölüşüb
Bakı, 22 may, AZƏRTAC
Kuenka şəhəri Latın Amerikasında tullantıların idarə olunması və şəhər təmizliyi sahəsində uğurlu nümunələrdən biri hesab olunur. Şəhərdə tullantıların toplanması sistemi bütün şəhər ərazisini əhatə edir və bu istiqamətdə fasiləsiz iş aparılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kuenka şəhərinin meri Kristian Zamora BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Latın Amerikasında tullantı toplayıcıları və inklüzivlik və dairəvi iqtisadiyyat üçün ədalətli keçid alyansları” adlı sessiyada səsləndirib.
O bildirib ki, şəhərdə tullantı toplayıcılarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə xüsusi təşəbbüs həyata keçirilir. Layihə çərçivəsində təkrar emal oluna bilən tullantıları toplayaraq şəhərin xərclərini azaldan işçilərə əlavə maliyyə dəstəyi göstərilir.
Çıxış zamanı şəhərin tullantı idarəçiliyi sahəsində beynəlxalq maliyyə dəstəyi hesabına həyata keçirilən layihələrdən də bəhs olunub. Bildirilib ki, Avropa İttifaqının zəmanəti ilə Fransanın İnkişaf Agentliyindən (AFD) təxminən 27 milyon dollarlıq maliyyə vəsaiti cəlb edilib. Bu vəsait tullantı poliqonunun genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və texniki parkın yenilənməsi üçün istifadə olunacaq.
Müxbir - Günel Alıyeva