Amin Məmmədov: Strateji ekoloji qiymətləndirmə şəhər planlaşdırılmasında mühüm alətdir
Bakı, 22 may, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzur regionlarında yerləşən şəhərlərin Baş planlarında qanunvericiliyin tələblərinə uyğun olaraq strateji ekoloji qiymətləndirmə sənədləri hazırlanıb. Hazırda həmin şəhərlərdə geniş tikinti-quruculuq işləri aparılır və strateji ekoloji qiymətləndirmə baş planların həyata keçirilməsində mühüm əlavə alət kimi çıxış edir.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Şuşa şəhəri üçün hazırlanmış Baş planda da strateji ekoloji qiymətləndirmə tətbiq edilib. Bundan əlavə, Kəlbəcər və Zəngilanla yanaşı, Qubadlı, Ağdam, Füzuli və Laçın şəhərləri üçün də Baş planlar hazırlanıb və onların hər birində müvafiq qiymətləndirmə aparılıb. Həmin sənədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Ekspertiza Agentliyi tərəfindən ətraflı şəkildə təhlil olunub və müvafiq rəylər verilib.