Lara Kinneir: Şəhərlərin inkişafında “yamaq-yamaq” prinsipindən imtina edilməlidir
Bakı, 22 may, AZƏRTAC
Dünyanın bir çox yerində şəhər inkişafı hələ də “yamaq-yamaq” prinsipi ilə həyata keçirilir: bir yaşayış layihəsi bir yerdə, nəqliyyat layihəsi ondan ayrı, iqlim layihəsi isə şəhərin başqa hissəsində yerləşir.
AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın "Policy Lab UK" təşkilatında yaradıcılıq və innovasiya praktikasının rəhbəri Lara Kinneir Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Yeni Şəhərsalma Proqramı üzrə növbəti 10 il üçün birgə səylərimiz" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
"Yeni Şəhərsalma Proqramı mənə bir müəllim kimi ekosistem yanaşması ilə düşünmək imkanı verdi. Tələbələrə göstərmək mümkün oldu ki, bu, qlobal səviyyədə qəbul olunmuş bir yanaşmadır. 2016-cı ildə bu sənədin qəbul olunması bizim üçün böyük təsdiq oldu. Həmin çərçivə daxilində mənzil, təbiət, mobillik, enerji və sosial infrastruktur bir-birini tamamlayır və gücləndirir. Bu yanaşma mənim fəaliyyətimə istiqamət verdi və hazırda Böyük Britaniya hökumətində interdisiplinar komandada çalışıram. Burada alimlər, rəssamlar və müəllimlər birlikdə mürəkkəb siyasət məsələləri üzərində işləyirlər. Bu baxımdan Yeni Şəhərsalma Proqramının qəbuluna və inkişafına görə minnətdaram. Hamımız istəyirik ki, növbəti 10 il əvvəlki 10 ildən daha böyük təsirə malik olsun", - deyə L.Kinneir bildirib.