Türkiyədə Strateji Ekoloji Qiymətləndirmə: 33 proses uğurla tamamlanıb
Bakı, 22 may, AZƏRTAC
Türkiyənin Strateji Ekoloji Qiymətləndirmə (SEA) üzrə normativ sənədi pilot layihələrdən sonra 2017-ci ildə qüvvəyə minib. Bu sənəd transsərhəd müddəalar istisna olmaqla, əsasən Avropa İttifaqının SEA direktivi ilə uyğunlaşdırılıb. Bu günədək ölkəmizdə 57 SEA prosesi başladılıb və onlardan 33-ü tamamlanıb. Bu proseslər əsasən ərazi planlaşdırılması, su idarəçiliyi, sahilyanı zonaların idarə olunması və kənd təsərrüfatı sektorlarını əhatə edir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Strateji Ekoloji Qiymətləndirmə şöbəsinin direktoru Nihan Şahin Hamamçı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi” adlı tədbirin panel sessiyasında çıxış edərkən deyib.
“Ölkəmizdə SEA tətbiqlərinin mühüm xüsusiyyətlərindən biri son illərdə iqlim dəyişikliyi və iqlimlə bağlı məsələlərin planlaşdırma proseslərinə inteqrasiyasıdır. Bununla yanaşı, ətraf mühit və sağlamlıq məsələləri də getdikcə daha çox ön plana çıxır. Digər vacib məqam isə SEA prosesinin şəffaflığıdır. Bütün SEA sənədləri, hesabatları və elanları nazirliyimizin rəsmi internet səhifəsində ictimaiyyət üçün açıq şəkildə yerləşdirilir. Bu da maraqlı tərəflərin iştirakının gücləndirilməsinə və iştirakçı planlaşdırma prosesinin dəstəklənməsinə mühüm töhfə verir”- deyə Nihan Şahin qeyd edib.