Çinli mütəxəssis: Çin tullantıların idarə olunmasında mühüm transformasiya həyata keçirib
Bakı, 22 may, AZƏRTAC
Çin son onilliklərdə bərk tullantıların idarə olunması sahəsində böyük transformasiya həyata keçirib. Əvvəllər əsasən sadə tullantı poliqonlarından istifadə olunsa da, hazırda ölkədə tullantıların böyük hissəsi müasir yandırma zavodlarında emal edilir və bu proses nəticəsində elektrik enerjisi istehsal olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri su təchizatı, sanitariya və bərk tullantıların idarə olunması üzrə baş ekspert Çjan Çjenşan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Latın Amerikasında tullantı toplayıcıları və inklüzivlik və dairəvi iqtisadiyyat üçün ədalətli keçid alyansları” adlı sessiyada səsləndirib.
O bildirib ki, Çində son 40 ildə həyat səviyyəsinin yüksəlməsi və enerji mənbələrinin dəyişməsi tullantıların tərkibinə də ciddi təsir göstərib.
“Əvvəllər isitmə və yemək bişirmək üçün əsasən kömürdən istifadə olunurdu və bu da tullantıların tərkibində böyük həcmdə kül yaranmasına səbəb olurdu. Hazırda isə təbii qazdan istifadə geniş yayılıb və tullantıların strukturu dəyişib”, – deyə o qeyd edib.
Çıxışçı vurğulayıb ki, hazırda Çində tullantıların 80 faizdən çoxu yandırma zavodlarında emal olunur. Bu müəssisələrdə əldə edilən enerji elektrik istehsalına yönəldilir. Eyni zamanda, yüksək temperatur rejimi tətbiq edilərək dioksin və digər zərərli qazların yaranma riski minimuma endirilir.
Müxbir - Günel Alıyeva