Neftçalada Xəzər dənizinə nərə cinsli balıq körpələri buraxılıb
Neftçala, 22 may, AZƏRTAC
Neftçalada balıq körpələrinin təbii su hövzəsinə buraxılması aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 22 May – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada nərə cinsindən olan 2 min balıq körpəsi Xəzər dənizinə buraxılıb.
Aksiya Kənd Təsərrüfatı Nazirliyi, Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs, IDEA İctimai Birliyi, FAO, Neftçala Rayon İcra Hakimiyyəti, “Azerbaijan Fishfarm” MMC, “Azvarvara” MMC və digər şirkətlərin birgə təşkilatçılığı ilə keçirilib.
Maarifləndirici hissə ilə başlayan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. İştirakçılara bioloji müxtəlifliyin qorunması, nərə növlərinin ekosistemlərdə rolu və su bioresurslarının davamlı idarə olunması ilə bağlı ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov hər il müəyyən bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarının “Qlobal təsir üçün yerli fəaliyyət” olduğunu bildirib. O qeyd edib ki, bu şüar biomüxtəlifliyin qorunması istiqamətində yerli səviyyədə həyata keçirilən tədbirlərin qlobal əhəmiyyətini vurğulayır. Nazir müasir dövrdə biomüxtəlifliyin azalması, ekosistemlərin deqradasiyası və təbii resursların tükənməsi kimi amillərin beynəlxalq ictimaiyyət qarşısında duran əsas çağırışlardan olduğunu diqqətə çatdırıb.
“Ölkəmizdə biomüxtəlifliyin mühafizəsi sahəsində beynəlxalq öhdəliklərə uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti nəticəsində balıqçılıq və akvakultura üzrə dövlət siyasəti ardıcıl və məqsədyönlü şəkildə icra olunur. Müasir infrastrukturun yaradılması, beynəlxalq təcrübənin tətbiqi və sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi bu siyasətin əsas prioritetləri sırasında yer alır. Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi ölkədə nadir və nəsli kəsilməkdə olan növlərin qorunması, balıqların mühafizəsi, balıqartırma, eləcə də bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi istiqamətində mühüm işlər görür. Mərkəz balıqçılıq və akvakultura sahəsində dayanıqlı idarəetmə biomüxtəlifliyin qorunmasına, ekosistemin mühafizəsinə və təbii ehtiyatlardan səmərəli istifadəyə mühüm töhfə verir”, - deyə nazir bildirib.
Diqqətə çatdırılıb ki, Xəzər dənizində və daxili su hövzələrində su bioresurslarının qorunması, balıqartırma tədbirlərinin həyata keçirilməsi, balıqçılıq fəaliyyətinə nəzarətin gücləndirilməsi və akvakultura sahəsində müasir yanaşmaların tətbiqi əsas hədəflərdəndir. Xüsusilə biomüxtəlifliyin qorunmasında dövlət qurumları ilə yanaşı, yerli icmaların, elm və təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin fəal iştirakı vacib əhəmiyyət kəsb edir. Məcnun Məmmədov deyib: “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində bu gündən başlayaraq ay ərzində Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin su hövzələrinə 150 min nərə körpəsinin buraxılması, növbəti aylarda isə bu sayın 500 minə qədər yüksəldilməsi planlaşdırılır. Bununla yanaşı, payız aylarında 50 min qızılbalıq körpəsinin yetişdirilərək ölkədaxili su hövzələrinə buraxılması nəzərdə tutulur”.
Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev qeyd edib ki, Xəzər dənizi və onun ekosistemi unikal təbii sistem hesab olunur. “Nərə balığı və Xəzər qızılbalığı nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər sırasındadır. Bu növlərin qorunması və bərpası həm bugünkü, həm də gələcək nəsillər qarşısında mühüm məsuliyyət hesab olunur. Bu məqsədlə Xəzərdə növbəti balıqburaxma kampaniyasına start verilib”, - deyən C.Əliyev bildirib ki, nadir növlərin qorunması istiqamətində tədbirlər bundan sonra da davam edəcək.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və FAO-nun Azərbaycan ofisinin rəhbəri Bariz Mehdiyev bu növ ekoloji aksiyaların əhəmiyyətindən bəhs edərək, Xəzərin su bioresurslarının bərpası və dayanıqlı idarə olunması istiqamətində birgə layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda regionda ekoloji tarazlığın qorunması üçün dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin rolu xüsusi qeyd olunub. Bildirilib ki, bu aksiya ölkədə su bioresurslarının bərpası və bioloji müxtəlifliyin qorunması istiqamətində görülən işlərin vacib tərkib hissəsidir. Tədbir həm ekoloji maarifləndirmə, həm də Xəzər regionunda nadir balıq növlərinin populyasiyasının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir cari ilin ilk kütləvi balıq körpələrinin buraxılışı kimi xüsusi əhəmiyyət kəsb edir və regionda su bioresurslarının bərpasına yönəlmiş ekoloji fəaliyyətlərin davamıdır.
Sonra 2 min ədəd balıq körpəsi Xəzər dənizinə buraxılıb.