Strateji Ekoloji Qiymətləndirmə şəhərsalma və iqlim hədəfləri üçün əsas vasitədir
Bakı, 22 may, AZƏRTAC
Strateji Ekoloji Qiymətləndirmənin (SEQ) müsbət təsiri ondan ibarətdir ki, o, məkan planlaşdırmasında iqlimlə bağlı risklərə dair beynəlxalq səviyyədə məlumatlılığı artırır, həmçinin iqlim dəyişmələrinə uyğunlaşma və onların azaldılması tədbirlərinin inteqrasiyasını təmin edir. Yeni planların tətbiqi nəticəsində daşqın, eroziya və şəhər istiliyi riski azalır. Bu təsirlər su ehtiyatlarının qorunmasından tutmuş digər sahələrə qədər geniş spektri əhatə edir.
AZƏRTAC xəbər verir ki, bunu Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Enerji Nazirliyinin katibi Vesna Kolar Planinşiç WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, nəticələr göstərir ki, SEQ çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı bölmələr daxil edilir, milli və beynəlxalq məqsədlər nəzərə alınır, lakin bu inteqrasiya səviyyəsi hələ də inkişaf mərhələsindədir: "Bəzi nümunələr çox uğurlu olsa da, bəzilərinin daha da təkmilləşdirilməsinə ehtiyac var. “Zərər verməmək” prinsipi və iqlimə davamlılıq yanaşmaları planlaşdırıcılar arasında hələ geniş yayılmayıb və gələcəkdə bu istiqamət gücləndirilməlidir".