Valerie Yao: WUF13 ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır
Bakı, 22 may, AZƏRTAC
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) şəhərsalma və mənzil məsələləri üzrə ölkələr arasında qarşılıqlı öyrənmə və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Afrika İttifaqı nəzdində şəhər dayanıqlılığı üzrə koordinator Valerie Yao bildirib.
Onun sözlərinə görə, WUF13 çərçivəsində keçirilən bütün tədbirlər yüksək səviyyədə təşkil olundu.
“WUF13-ün keçirildiyi məkan təhlükəsiz, rahat və yaxşı təşkil olunmuş platforma təsiri bağışlayır. WUF13 çərçivəsində mənzil məsələləri yalnız nəzəri deyil, praktik aspektdə də geniş müzakirə olunur”, - deyə Afrika İttifaqı rəsmisi vurğulayıb.
O, açılış mərasimində Azərbaycan Prezidentinin ölkənin IX əsrdən bu günədək keçdiyi şəhərsalma və memarlıq inkişafı ilə bağlı fikirlərini xüsusi maraqla izlədiyini bildirib: “Azərbaycanın tarixi memarlıq irsi ilə müasir urban inkişafı birləşdirməsi mühüm nümunədir. Şəhərsalma sahəsində heç bir ölkə özünü tam üstün hesab edə bilməz və bütün dövlətlər bir-birindən öyrənməyə ehtiyac duyur. Bu gün inkişaf etmiş hesab olunan ölkə sabah geridə qala bilər. Ona görə də ölkələr arasında davamlı təcrübə mübadiləsi vacibdir. Azərbaycan da digər ölkələrin təcrübəsindən faydalanmaqla şəhər inkişafı sahəsində lider mövqeyini daha da gücləndirə bilər”.