Keniyalı memar: Ləyaqətli mənzil təminatı əsas prioritetlərdən biri kimi diqqətdə saxlanılmalıdır
Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində mənzil və yaşayış mühiti məsələlərinin ön plana çıxarılması olduqca vacibdir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı keniyalı memar George Arabu Ndege bildirib.
Onun sözlərinə görə, WUF13-ün əsas mövzularından biri olan mənzil məsələsi olduqca önəmlidir.
“Çünki şəhərlərin böyük hissəsini yaşayış binaları təşkil edir və mənzil yalnız bina deyil, insanların gündəlik həyat tərzi, təhlükəsizliyi və rifahı deməkdir. Mənzil siyasəti nəqliyyat, təhlükəsizlik, ərzaq təminatı, ictimai məkanlar və iqlim dəyişikliklərinin yaratdığı risklərlə də birbaşa əlaqəlidir. Kəskin hava şəraiti və iqlim problemləri fonunda insanların təhlükəsiz və sağlam evlərdə yaşaması vacibdir”, – deyə o əlavə edib.
Keniyalı mütəxəssis bildirib ki, rəhbərlik etdiyi assosiasiya “Sağlam evlər” adlı xüsusi təlimat və qiymətləndirmə meyarları hazırlayıb. O vurğulayıb ki, gələcək WUF forumlarında sağlam, təhlükəsiz və ləyaqətli mənzil təminatı məsələləri əsas prioritetlərdən biri kimi diqqətdə saxlanılmalıdır.