Ufuk Turganer: WUF13 həm iştirakçılar, həm də Azərbaycan üçün böyük imkan idi
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyini yüksək peşəkarlıqla həyata keçirdi. Bu, Azərbaycan üçün çox böyük hadisədir və COP29 iqlim konfransından sonra ölkə tarixində keçirilən ən genişmiqyaslı tədbir oldu. Azərbaycan bunun öhdəsindən layiqincə gəldi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu cür böyük tədbirlərin təşkili sahəsində peşəkarlaşıb: “Həm ölkənin tanıdılması, həm də beynəlxalq arenada mövqeyin güclənməsi baxımından WUF13 mühüm fürsətdir. Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan böyük işlərə imza atır və bu, bizi də qürurlandırır”.
O qeyd edib ki, sessiya çərçivəsində şəhərsalma ilə bağlı önəmli mövzular müzakirə olunub. “İnfrastruktur, müasir şəhər planlaşdırılması, ölkələrin pavilyonları və stendləri – bunların hamısını görmək imkanımız oldu. Dünyanın müxtəlif ölkələri nümunələrini təqdim edirdilər. Bu həm bilik, həm də təcrübə mübadiləsi baxımından çox dəyərli idi. Şəhərlərimizi daha yaşamalı və davamlı hala gətirmək üçün belə platformalar vacibdir. Bu baxımdan, təşkil edilən tədbir həm iştirakçılar, həm də Azərbaycan üçün böyük imkan idi. Təşkilatçılıq yüksək səviyyədə idi”,- deyə Ufuk Turganer qeyd edib.