İordaniya mətbuatı Azərbaycan diaspor təşkilatının Ermənistanın təxribatları ilə bağlı bəyanatını yayıb
Qahirə, 14 sentyabr, AZƏRTAC
İordaniyanın “Nayruz” informasiya agentliyi Azərbaycanın bu ölkədəki diaspor təşkilatının Ermənistanın son təxribatları ilə bağlı bəyanatını yayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan diasporunun İordaniya üzrə əlaqələndiricisi Zümrüd Dadaşovanın imzası ilə azərbaycanlı icması adından yayılan bəyanatda Ermənistanın son təxribatları barədə ətraflı məlumat verilib. Beynəlxalq ictimaiyyəti təcavüzkar siyasətə son qoyulması üçün Ermənistana təzyiq göstərməyə çağıran diaspor təşkilatı qeyd edib ki, ermənilər 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, Azərbaycanın sülh və regional əməkdaşlıq təşəbbüsləri fonunda yeni fitnələrə əl atır.
Bəyanatda İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın ərazilərimizdə basdırdığı minaların partlaması və təxribatlar nəticəsində həlak olan və yaralanan Azərbaycan hərbçiləri və mülki şəxslər barədə məlumat verilir. Sənəddə diqqətə çatdırılır ki, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə müəyyən razılıqlar əldə olunmasına baxmayaraq, qarşı tərəf sülh müqaviləsinin hazırlanması və imzalanması, həmçinin sərhədlərin delimitasiyası prosesinə əngəl törədir.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə