İordaniyada Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 20 iyun, AZƏRTAC
İordaniyanın paytaxtı Əmman şəhərində Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının İordaniya üzrə əlaqələndiricisi Zümrüd Dadaşova və iordaniyalı tarixçi, yazıçı Ömər Armutinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
İordaniyadakı diaspor təşkilatımızdan AZƏRTAC-a bildiriblər ki, tədbirin əvvəlində İordaniya Haşimilər Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Tədbirdə İordaniya parlamentinin deputatı Əhməd Aşa' Duaimeh, keçmiş Baş nazir Cavad Əl Annani, Əmmandakı Ədəbiyyat və Mədəniyyət Mərkəzinin rəhbəri Ömər Armuti, İordaniyadakı Azərbaycan diasporunun rəhbəri Zümrüd Dadaşova, iordaniyalı diplomat Muaffaq Ajluni, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd İssa Əl Ədvan, məşhur iordaniyalı şair Adnan Əl Səudi, İordaniya Universitetinin professoru Məcdəddin Xəmməş, tədqiqatçı jurnalist Şakir Həddəd və yazıçı Məhdi Əl Ələmi çıxış ediblər.
Natiqlər dahi siyasətçi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, onun Kral Hüseyn bin Talal ilə olan şəxsi dostluğundan, hazırda iki dost ölkənin rəhbərləri - Prezident İlham Əliyevin və Kral II Abdullahın bu dostluq ənənələrini davam etdirməsindən bəhs ediblər. Çıxışlarda Ulu Öndərin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanın siyasi, iqtisadi, ictimai və mədəni həyatında baş verən inkişaf prosesləri xüsusi olaraq vurğulanıb. Eyni zamanda, Azərbaycana səyahət edən iordaniyalı siyasətçilər və jurnalistlər ölkəmizdəki tərəqqi, işğaldan azad olunmuş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işlərindən söz açıblar.
İordaniyalı ictimai-siyasi xadimlər iki dost ölkə arasında olan dostluq münasibətlərinin, iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənməsi və inkişaf etdirilməsinə əmin olduqlarını vurğulayıblar.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ərəb dilində şeir oxunub.