İQLİM DƏYİŞİKLİYİ İLƏ ƏLAQƏDAR ŞƏKİDƏ SEMİNAR KEÇİRİLMİŞDİR
Bakı, 3 iyul (AZƏRTAC). Aqro İnformasiya Mərkəzi “İqlim dəyişikliyinə uyğunlaşmaq və onun mənfi təsirlərini azaltmaq üçün kənd əhalisinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Şəki şəhərində ikigünlük yay seminarı keçirmişdir.
Seminarda Mərkəzi Aran rayonlarından fermerlər, kənd təsərrüfatı mütəxəssisləri, bələdiyyə və icra hakimiyyətlərinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə layihə üzrə görülən işlərlə yanaşı, kənd təsərrüfatının iqlim dəyişikliyində rolu, müvafiq təsərrüfat sistemlərindən istifadə etməklə ekoloji problemlərin təsirinin azaldılması istiqamətində vacib sayılan məsələlər müzakirə edilmişdir. Müzakirələrdə kənd təsərrüfatı işlərində karbon emissiyasının azaldılması və ölçü mexanizmlərinin işlənib hazırlanması barədə də fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, aqrar sahədə bir çox problemlərin həlli fermerlərin maarifləndirilməsindən asılıdır. Məsələn, az əmək sərfi ilə tarlaqoruyucu zolaqların salınması təsərrüfatları külək eroziyasının təsirlərindən qoruya bilər.
Seminarın sonunda müvafiq nazirliklərə müraciət ünvanlanmışdır. Müraciətdə ibtidai və orta təhsil müəssisələrində ekoloji fənlərin tədris edilməsi, ekoloji kənd təsərrüfatı ilə məşğul olan təsərrüfatların subsidiyalaşdırılmasının zəruriliyi, dağ və dağ yamaclarında otlaqların, eləcə də tarlalarda küləşin yandırılmasına nəzarətin gücləndirilməsi kimi məsələlər vurğulanmışdır.