İqlim fondu Afrika ölkələrində vəhşi təbiətin qorunması istiqrazlarının buraxılmasına yönəldilib
Bakı, 18 iyul, AZƏRTAC
Qlobal Ekologiya Fondu (GEF) Afrika ölkələrinə nəsli kəsilməkdə olan növlərin və ekosistemlərin xilas edilməsinə kömək etmək üçün yeni vəhşi təbiət istiqrazları buraxmağı planlaşdırır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, getdikcə azaldılan brakonyerlik halları və ya digər tədbirlər müqabilində aşağı qiymətli maliyyə vəsaiti təmin edən vəhşi təbiət istiqrazları ilk dəfə 2022-ci ildə Dünya Bankının dəstəyi ilə kərgədanların qorunması layihəsinin bir hissəsi kimi istifadəyə verilib. Keçən il Ruandada şimpanzeləri qorumaq üçün bir layihəyə start verilib və ötən ay GEF Madaqaskarda lemurlarınh xilas edilməsi proqramını təsdiqləyib.
Fond Afrikanın 54 ölkəsinin hər biri üçün ayrılıqda bir layihə həyata keçirmək niyyətindədir. Bu tədbirlər üçün GEF-dən 150 milyon ABŞ dolları məbləğində sərmayə tələb olunacaq, sonra isə digər borclar vasitəsilə konservasiya məqsədilə cəmi 1,5 milyard dollar təmin etmək üzrə həmin vəsait on dəfə artırılacaq.
1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitindən sonra yaradılan təşkilat bu addımı ABŞ və digər böyük iqtisadiyyatlardan gələn yardım və inkişaf maliyyəsinin kəsilməsinin bəzi təbiəti mühafizə layihələrini riskə atdığı bir vaxtda atır.
Ümumilikdə, GEF Afrikanın Sahel bölgəsində səhralaşma ilə mübarizə üçün 85 milyon dollarlıq layihə daxil olmaqla, qitə ölkələrinə 7,7 milyard dollar sərmayə qoyub.
Təşkilat hazırda donorları gələn ildən başlayacaq növbəti dördillik proqramlaşdırma dövrü üçün öz vəsaitlərini artırmağa çağırır.
GEF son bir ildə ətraf mühitin mühafizəsi və iqlim məqsədlərinə çatmaq məqsədilə beynəlxalq səylərə dəstəyin artması fonunda əvvəlki əməliyyat dövründən 30 faizdən çox vəsait - 5,3 milyard dollar toplayıb.
Bu donor fəaliyyətində iyirmi doqquz ölkə iştirak edib. ABŞ 700 milyon dollarla liderliyi davam etdirib.