İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ ÇELYABİNSK VİLAYƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Nazir Rusiya və Azərbaycan xalqları arasında tarixi dostluğu, sovet dövründə formalaşmış sıx iqtisadi, mədəni və mənəvi əlaqələri xatırlatmış, ölkəmizdə Rusiyaya, rus mədəniyyətinə və rus dilinə səmimi münasibət, böyük maraq olduğunu bildirmişdir. O, hazırda Azərbaycanda aparılan iqtisadi islahatlar, qazanılmış uğurlar barədə ətraflı məlumat vermiş, ölkələrimiz arasında iqtisadi əməkdaşlıqdan bəhs etmişdir. Heydər Babayev Azərbaycan və Rusiya dövlət başçılarının görüşlərinin iki ölkə arasında əməkdaşlığın inkişafında böyük rol oynadığını, 2005-ci ilin Rusiyada Azərbaycan, 2006-cı ilin isə Azərbaycanda Rusiya ili elan edilməsinin mehriban qonşuluq münasibətlərinin bariz nümunəsi olduğunu vurğulamışdır. Xatırlatmışdır ki, ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1,2 milyard dollar, bu ilin yanvar-aprel aylarında isə 390,9 milyon dollar təşkil etmişdir. Bu, əvvəlki ilin müvafiq dövründəkindən 48 faiz çoxdur. Bununla belə, ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün potensial böyükdür. Heydər Babayev Azərbaycanın Rusiya bazarına, şimal qonşusu ilə hərtərəfli əlaqələrə, onun keyfiyyətli mallarına böyük maraq göstərdiyini, vilayətlə imzalanacaq sazişin ənənəvi əməkdaşlığa yeni təkan verəcəyini vurğulamışdır. Çelyabinskli iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa çağıran nazir vilayətin rəhbərliyinə ölkəmizdə kənd təsərrüfatı məhsullarının emalı üzrə öz müəssisələrini yaratmaq imkanlarını araşdırmağı da təklif etmişdir.
Səmimi görüş üçün təşəkkür edən Valentin Buravlyov Azərbaycan iqtisadiyyatının sürətli inkişafından, ölkələrimiz arasında qarşılıqlı iqtisadi əlaqələrin səviyyəsindən məmnunluğunu bildirmiş, Çelyabinsk vilayətinin iqtisadi vəziyyəti, mövcud imkanları və potensialı, xarici ticarət əlaqələri barədə məlumat vermişdir.
Sonra Heydər Babayev və Valentin Buravlyov Azərbaycan Respublikası Hökuməti ilə Çelyabinsk Vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş, danışıqların nəticələri barədə protokol imzalamışlar.