İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan–Küveyt iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.
Heydər Babayev qonağa Azərbaycanda aparılan iqtisadi islahatlar, onların uğurlu nəticələri barədə ətraflı məlumat vermişdir. 2005-ci ildə ölkəmizdə ÜDM-nin 26,4 faizlik artımına nail olunduğunu qeyd edən nazir, cari ilin birinci rübündə ÜDM-nin real artımının ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,5 faiz olduğu barədə məlumat vermişdir. O qeyd etmişdir ki, hazırda əsas prioritet istiqamət qeyri-neft bölməsinin inkişafıdır və bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Küveyt neft-qaz sahələrində qabaqcıl təcrübəyə malikdir. Ölkələrimiz arasında bu istiqamətlərdə, eləcə də kənd təsərrüfatı məhsullarının emalı, turizm və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar mövcuddur.
Heydər Babayev Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şərait yaradıldığını diqqətə çatdıraraq, küveytli iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Şeyx Fəysəl Xəlifə əl-Məlik əl-Sabah Azərbaycana ilk dəfə səfər etdiyini və aldığı təəssüratlardan məmnunluğunu bildirmişdir. Ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq olduğunu söyləyən qonaq nazir Heydər Babyevi Küveytə səfərə dəvət etmiş və onun küveytli iş adamları ilə görüşünün ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını vurğulamışdır.