İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2002-ci il tarixli Sərəncamı ilə İqtisadi İnkişaf Nazirliyi ilə “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ararsında bağlanmış “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə təsdiq edilmişdir.
Müqavilənin şərtlərinə uyğun olaraq, idarəetməyə götürən “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlətə 300 min ABŞ dolları məbləğində konsessiya haqqı ödəməlidir.
“Barmek Azərbaycan Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti idarəetmənin ilk 6 ili ərzində (ikinci ildən başlayaraq hər il 1 faiz) texniki itkilərin səviyyəsini mövcud 16 faizdən 11 faizə endirəcək, enerjidən istifadə haqqının yığım səviyyəsini yüksəldəcəkdir.
İdarəetməyə götürən “Azərenerji” SC-dən alınan elektrik enerjisinin haqqının idarəetmənin ilk 8 ili ərzində 30-80 faizədək olan hissəsini ödəməli, idarəetmənin 8-ci ilindən etibarən ödənişləri 100 faiz həcmində təmin etməlidir. İdarəetmənin ilk 8 ili ərzində “Azərenerji” SC-nə yaranmış borcların müvafiq olaraq, idarəetmənin 9-cu ilindən başlayaraq, 18-ci ilinədək (10 il ərzində) olan müddətdə hissə-hissə ödənilməsi nəzərdə tutulur.
İdarəetmənin ilk 5 ili ərzində “Sumqayıtelektrikşəbəkə” SC-nə 23,695 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu planlaşdırılır. İnvestisiyalar maşın və avadanlıqların alınmasına, yenidənqurma və əsaslı təmir işlərinə, elektrik xətlərinin və transformatorların yeniləşdirilməsinə, kompüter şəbəkəsinin təşkilinə sərf olunacaq. İdarəetmə müddətində hər üç ildən bir İnvestisiya Planı dəqiqləşdiriləcək və dövlət orqanları ilə razılaşdırılmaqla həyata keçiriləcəkdir.
“Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC idarəetmə illəri ərzində istehlakçıların keyfiyyətli və etibarlı enerji təchizatını təmin etməlidir. Elektrik enerjisinin keyfiyyət göstəricilərinin qəbul olunmuş standartlara uyğun gəlməməsi səbəbindən istehlakçılara ziyan dəyərsə, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində şirkət belə istehlakçılara konpensasiya ödəməlidir.
İdarəetmə müddətində işçilərin əmək haqqının artırılması nəzərdə tutulur.