İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” 16 aprel 2002-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin qurumları tərəfindən müvafiq işlər görülür. Belə ki, ayrı-ayrı müştərək müəssisələr üzrə dövlət paylarının inventarlaşdırılaraq yenidən qiymətləndirilməsi məqsədi ilə İqtisadi İnkişaf, Maliyyə, Ədliyyə və Vergilər nazirliklərinin, habelə müştərək müəssisənin təsisçiləri və rəhbərlərindən ibarət komissiyalar yaradılmış və iyul ayından etibarən həmin komissiyaların ilk iclaslarının keçirilməsinə başlanmışdır. Artıq “Bakmil”, “AzEvroTel”, “Qrand Xendinq Kompani”, “Azərsell”, “Airport Qate”, “Ultel” və “Diplomat” müştərək müəssisələrinin nizamnamə kapitalında dövlətin payının inventarlaşdırılması və yenidən qiymətləndirilməsi ilə bağlı yaradılmış komissiyaların iş planları tərtib olunmuş və vəzifələr müəyyənləşdirilmişdir.
Bundan başqa Nazirliyin mütəxəssisləri tərəfindən hazırda 20-dən çox müəssisədə müştərək müəssisələrin təsis sənədləri, habelə bu sənədlərə sonradan edilmiş dəyişikliklər, nizamnamə kapitalında tərəflərin pay nisbətinin dəyişdirilməsi, təsis sənədlərində nəzərdə tutulmuş pay qoyuluşlarına uyğun olaraq dividentlərin bölüşdürülməsi və s. məsələləri əsaslandıran müvafiq sənədlər təhlil olunur.
Mütəxəssislər həmçinin, müştərək müəssisələrin sərəncamında qalan xalis mənfəətdən müəssisəyə alınan vəsaitlərin, habelə digər əmlakın tərkibi və dəyərini təhlil edir, nizamnamə kapitalına aid edilib-edilməməsi məsələlərini də araşdırırlar.