İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Məlumat verdiyimiz kimi, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti Rabitə Nazirliyinin Bakı şəhəri Telefon Rabitəsi İstehsalat Birliyinin Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 3 ünvanında yerləşən İdman-sağlamlıq kompleksinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir.
İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası investisiya qoyuluşuna dair təkliflərin verilməsi idi.
İnvestisiya müsabiqəsinə yekun vurulmuş və Müsabiqə komissiyasının açıq səsvermə yolu ilə qəbul etdiyi qərara əsasən, “Nur” şirkəti investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqənin şərtlərinə müvafiq olaraq, “Nur” şirkəti alqı-satqı müqaviləsi imzalandığı tarixdən 30 iş günü müddətində dövlət büdcəsinə 120 milyon manat ödəməli, İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinə 3,5 min ədəd dövlət özəlləşdirmə çeki təqdim etməli, təqdim olunmuş investisiya proqramında qeyd olunan ilkin işlərin həyata keçirilməsi üçün 24,4 milyon manat məbləğində pul vəsaitini İdman-sağlamlıq kompleksinin hesablaşma hesabına köçürməlidir.
İnvestisiya müsabiqəsinin qalibi alqı-satqı müqaviləsi ilə müəyyən ediləcək digər şərtləri və təqdim etdiyi investisiya proqramında nəzərdə tutulmuş 732 milyon manat məbləğində investisiyanın 1 il ərzində 2 mərhələ üzrə qoyuluşuna dair öhdəliyi yerinə yetirməlidir. İnvestisiyalar inzibati binada əsaslı təmir, yenidənqurma və bərpa işlərinə, tribunaların, qaçış zolağının, tennis kortunun və trenajor zalının tikintisinə, çimərlik voleybolu və futbol meydançalarının salınmasına, abadlaşdırma işlərinə sərf olunacaqdır.
İdman-sağlamlıq kompleksinin fəaliyyəti tamamilə bərpa olunduqdan sonra kompleksdə yeni iş yerlərinin açılması planlaşdırılır. Kompleksdə aparılacaq tikinti-quraşdırma və təmir-bərpa işlərinə 40-dan çox ixtisaslı fəhlə və mühəndis cəlb ediləcəkdir.
Bundan başqa, əlillərin idmanla məşğul olması üçün onlara zəruri şərait yaradılması, habelə əhalinin aztəminatlı kateqoriyalarının və şagirdlərin kompleksin xidmətlərindən güzəştli qiymətlərlə istifadə etməsi üçün müvafiq tədbirlər görülməsi planlaşdırılır. Kompleksin xidmətlərindən istifadə edənlər üçün tibb məntəqəsi açılacaqdır.
İnvestisiya proqramında respublika və beynəlxalq səviyyəli müxtəlif idman yarışlarının təşkili üçün tədbirlər də nəzərdə tutulmuşdur.