İQTİSADİYYAT
“İqtisadi islahatlar” elmi-analitik jurnalının 7-ci sayı nəşr olunub

Bakı, 29 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının yeddinci sayı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Ramil Hüseyndir. Elmi-analitik jurnalın bu sayında Azərbaycan Respublikasının iqtisadiyyatın müxtəlif sahələrindəki nailiyyətlərinin təbliğinə xidmət edən “Azərbaycan Rəqəmsal Habı: strategiyadan fəaliyyətə”, “Azərbaycanın artım diaqnostikası: çoxşaxəli və dayanıqlı iqtisadiyyata doğru”, “İqtisadi dəhlizlərin inkişafı: iqtisadi artım və regional inteqrasoya drayveri”, “Kadr potensialı müəssisədə idarəetmə sisteminin tərkib hissəsi kimi”, “Azərbaycan Respublikasında xarici ticarətin gömrük-tarif tənzimlənməsinin iqtisadi təhlükəsizliyinin təmin olunmasında rolu” kimi aktual mövzuları əhatə edən elmi-analitik məqalələr çap olunub. Həmçinin “Elektron ticarət sahəsində yerli fermerlər və istehsalçılar üçün Türkiyə hökumətinin dəstək proqramlarının tədqiqi”, “Turizm və qonaqpərvərlik biznesinin marketinqi və onun idarə edilməsində gələcək tendensiyalar”, “Elektromobil gələcəyin nəqliyyat vasitəsi kimi: Azərbaycanda elektrik və hibrid mühərrikli avtomobil parkının müasir vəziyyəti, inkişaf perspektivləri”, “Azərbaycanda sənaye müəssisələrinin davamlı iqtisadi inkişafa təsirinin təhlili”, “Elektrik enerjisi bazarlarında qiymət formalaşma mexanizmi və ticarətin strukturu”, “Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi məsələləri”nə də yer verilib.
Eyni zamanda, jurnalda professor Məhiş Əhmədovun Milli Aviasiya Akademiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşlarının birgə yazdıqları “Rəqəmsal iqtisadiyyat” dərsliyi barədə qələmə aldığı məqalə də dərc olunub.
“İqtisadi islahatlar” elmi-analitik jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasında elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib.
Qeyd edək ki, jurnal Mərkəz tərəfindən 2021-ci ilin noyabr ayından etibarən rüblük olaraq nəşr edilir.