İQTİSADİ SİYASƏT ÜZRƏ DÖVLƏT MÜŞAVİRİ VAHİD AXUNDOVUN MƏTBUAT KONFRANSI
İqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov martın 6-da Prezident Aparatında ölkəmizdə həyata keçirilən iqtisadi siyasət məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirmişdir.
VAHİD AXUNDOV əvvəlcə çıxış edərək dedi:
- Respublikada ardıcıl surətdə həyata keçirilən iqtisadi strategiya nəticəsində ölkəmizdə bütün sahələrdə mühüm müsbət dəyişikliklər müşahidə olunur, bazar prinsiplərinə uyğun meyllər inkişaf edir və yeni münasibətlər formalaşır.
Azərbaycan Prezidenti Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və həyata keçirilən iqtisadi islahatlar nəticəsində əvvəllər, 1992-1993-cü illərdə tənəzzül içində olan iqtisadiyyatı əvvəlcə sabitləşdirmək, sonra isə, təxminən 1995-1996-cı illərdən başlayaraq, hərtərəfli inkişaf etdirmək mümkün olmuşdur. Mən xüsusilə vurğulamaq istərdim ki, bu islahatlar çox çətin şəraitdə aparılıb və ola bilsin, bütün postsovet məkanında elə bir dövlət yoxdur ki, belə çətin şəraitdə islahatlar apara bilsin. Buna baxmayaraq, birinci növbədə siyasi sabitlik və düzgün seçilən strategiya əsasında iqtisadiyyatın bütün sahələrinin yüksək dinamikliyi təmin olunmuşdur. Ən əsası odur ki, bu inkişaf dönməz xarakter almışdır.
2001-ci ilin nəticələri də bu tezisi təsdiq edir və gələcək üçün möhkəm zəmin yaradır. 2001-ci ildə ümumi daxili məhsul 9,9 faiz artmışdır. Bu artım 2,3 trilyon manat təşkil edir, təxminən 500 milyon dollara bərabərdir. Ümumiyyətlə, 1996-cı ildən ümumi daxili məhsul 55 faiz artmışdır. Bu il orta illik artım təxminən 9 faiz təşkil edir. Bu da MDB ölkələri arasında ən yüksək göstəricilərdən biridir.
Son illər keçid dövrünə məxsus olan bütün çətinliklərə, habelə dünya iqtisadiyyatında yaranmış mənfi meyllərə baxmayaraq, Azərbaycanın iqtisadiyyatı sərmayə cəlbediciliyini artıra bilmişdir. Ümumiyyətlə, 1995-1996-cı illərdən başlayaraq, son altı ildə respublikanın iqtisadiyyatına 7 milyard dollar, o cümlədən qeyri-neft sektoruna 3 milyard dollar sərmayə qoyulmuşdur. 2001-ci ildə bu meyl davam etmişdir və respublikaya qoyulan sərmayələrin həcmi 17 faiz artmışdır. Bu, postsovet məkanında ən yüksək göstəricilərdəndir. Eyni zamanda bu, ən yaxın gələcəkdə daha da yüksək artım və yeni iş yerlərinin yaranacağı deməkdir.
Mən bir məqamı da demək istərdim ki, əlverişli sərmayə mühiti yalnız xaricilər üçün yox, həm də yerli sərmayəçilər üçündür. Həmin 7 milyard dollardan 2 milyard dolları daxili sərmayəçilərin payına düşür. Mən dinamikaya nəzər yetirmişəm, 1995-1996-cı illərdən başlayaraq, daxili sərmayələrin həcmi hər il 2-3 dəfə artır. Məsələn, təkcə 2001-ci ildə daxili mənbələrdən qoyulan sərmayə 2,4 dəfə artmışdır. 2001-ci ildə iqtisadiyyata 1,2 milyard dollar sərmayə qoyulubdur. Bunun 1 milyard dolları istehsal təyinatlıdır. Ümumiyyətlə, bu göstəricinin siyasi tərəfi də vardır. Mən onu xüsusilə qeyd etmək istərdim. O da ondan ibarətdir ki, dünya iqtisadiyyatında sərmayə qoyuluşu prosesləri müəyyən səbəblərə görə zəifləyir. Azərbaycanda müşahidə olunan sərmayə artımı isə birinci növbədə respublikanın gələcəyinə inamın artmasının təzahürüdür.
Respublika iqtisadiyyatına yönəldilən sərmayələr ilk növbədə neftlə əlaqələndirilir və bu, prinsipcə düzgündür. Amma neft strategiyası ancaq neft sahəsini əhatə etmir. Neft strategiyasının başlıca ideyası neft sənayesinin inkişafı vasitəsilə digər sahələr üçün də əlverişli mühit yaradıb, onları inkişaf etdirməkdir. Ötən ilin göstəriciləri bu prosesi əyani şəkildə təsdiq edir: fikir verin, 2001-ci ildə neft sənayesində artım 4 faiz, ümumiyyətlə sənayenin orta artım sürəti 5,1 faiz olubdur. Amma yeyinti sənayesi 7,6 faiz, maşınqayırma 25 faiz, tikinti materialları sənayesi 85 faiz artmışdır. Bizdə olan məlumatlara görə, yüngül sənayedə, metallurgiyada canlanma prosesi artıq başlanır. Yanvar ayının göstəriciləri də bunu təsdiq edir. Yanvar ayında toxuculuq sənayesində artım 39 dəfə, metallurgiya 7 dəfə, neft və kimya sənayesində 2,4 dəfə olmuşdur. Yəni neft sənayesindəki dinamik proses artıq başqa sahələrə də keçir.
Sənayedə struktur islahatı daha intensiv gedir. Sənayenin 48 faizi özəl bölmənin payına düşür. Məhz özəl sektor 2001-ci ildə daha intensiv artmışdır. Bayaq dediyim kimi, bütün sənayedə artım 5,1 faiz idisə, özəl bölmədə bu 16,5 faiz olmuşdur.
2001-ci ildə kənd təsərrüfatı məhsulları istehsalında çox böyük nailiyyətlər əldə edilmişdir. Respublikada ilk dəfə olaraq 2 milyon tondan çox taxıl, 605 min ton kartof, 916 min ton tərəvəz istehsal olunmuşdur. Kənd təsərrüfatının digər sahələrində də nəzərəçarpan irəliləyiş var. 1995-ci ildən başlayaraq ət, süd, yağ, yumurta, yun istehsalı ildən-ilə artır. Axırıncı 5-6 ildə bütün bu məhsulların istehsalı 30-40 faiz artmışdır. Bu göstəricilər bir daha təsdiq edir ki, həmin sahədə aparılan köklü islahatlar öz bəhrəsini verməyə başlamışdır. Yadınızdadırsa, 1995-1996-cı illərdə Prezident Heydər Əliyevin göstərişi ilə çox radikal islahat aparıldı, kolxoz və sovxoz sistemi ləğv olundu. Torpaq və əmlak özəlləşdirildi. Nəhayət, qiymətlər sərbəstləşdirildi. İndi faktiki olaraq yeni qurumlar, təsərrüfatlar yaranıb və biz 2001-ci ildə əhalini kənd təsərrüfatı məhsulları ilə təmin etmək sahəsində strateji məqsədə doğru çox mühüm addım atdıq. Bunu aşağıdakı rəqəmlər də təsdiq edir.
Əgər 1995-ci ildə idxalın 42 faizini ərzaq məhsulları təşkil edirdisə, 2001-ci ildə idxalda bu məhsulların payı cəmi 16 faiz olmuşdur. Bu o deməkdir ki, respublika ərzaq müstəqilliyi problemini daxili imkanları hesabına həll etmək üçün çox mühüm addımlar atmış və məqsədinə nail olmuşdur. Demək lazımdır ki, bu artımlar, - 2001-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 11 faiz artmışdır, - əsasən ekstensiv yolla yox, birinci növbədə, məhsuldarlığı yüksəltməklə təsərrüfatların səmərəliliyini artırmaqla əldə edilmişdir.
Azərbaycan xarici ölkələrlə ticarət əlaqələrində müsbət nəticələrə nail olmuşdur. 2001-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 3,8 milyard dollar təşkil etmişdir. Müsbət saldo 900 milyon dollar olmuşdur. Xarici ölkələrlə mal dövriyyəsi 1995-ci ilə nisbətən 3 dəfə artmışdır. Bu illərdə respublikanın ticarət tərəfdaşları 2 dəfə artmışdır - 1995-ci ildə 67 ölkə ilə, 2001-ci ildə isə 123 ölkə ilə iqtisadi əlaqələrimiz olmuşdur. Əsas məsələ odur ki, idxalın tərkibində başlıca yeri - 50 faizdən çoxunu sərmayə yönümlü mallar təşkil edir. Bu da birinci növbədə maşın və avadanlıqdır. Onların idxalı 6 dəfə artmışdır.
Son illər ölkədə iqtisadi inkişafın sosial yönümlüyünü artırmaq, xalqın rifahını yüksəltmək üçün Prezident Heydər Əliyevin xüsusi göstərişi əsasında bir sıra mühüm tədbirlər görülmüşdür. Bu da əhalinin həyat səviyyəsinin yüksəlməsinə imkan yaratmışdır. 1995-2001-ci illərdə əhalinin real pul gəlirləri 2,5 dəfə artmışdır. Halbuki, yadınıza salmaq istərdim ki, 1991-1994-cü illərdə əhalinin real gəlirləri 3,6 dəfə aşağı düşmüşdü. Təkcə ötən ildə əhalinin pul gəlirləri 10 faiz artmışdır. İndi əhalinin banklarda saxladığı depozitlərin həcmi təkcə 2001-ci ildə 1,5 dəfə artaraq 550 milyard manata çatmışdır. Əhalinin pul gəlirlərinin artması birinci növbədə, əmək haqlarının artması ilə bağlıdır. 2001-ci ildə orta əmək haqqının artımı çox yüksək, yəni 27 faizə yaxın olmuşdur və indi 260 min manat təşkil edir.
Həmin meyl bu ilin yanvarında da davam etmişdir. 2002-ci ilin yanvar ayında 2001-ci ilin həmin dövrünə nisbətən 27 faiz artım var və indi orta aylıq əmək haqqı 300 min manat təşkil edir.
Əhalinin pul gəlirlərinin artmasını təmin etmək üçün respublikada Prezidentin xüsusi nəzarəti altında sərt maliyyə-kredit siyasəti aparılır: 2001-ci ildə inflyasiyanın səviyyəsi cəmi 1,5 faiz, büdcə kəsiri 0,4 faiz olmuşdur. Mən müqayisə üçün islahatlardan əvvəlki dövrün rəqəmlərini yadınıza salım: inflyasiya 1800 faiz, büdcə kəsiri isə 10 faiz idi. Yüzlərlə dəfə fərq var. Əhalinin real gəlirlərinin artması birinci növbədə, inflyasiyanın cilovlanması ilə əlaqədardır.
Bu proses davam edir və dövlətimizin başçısının daim nəzarəti altındadır.
Əhalinin sosial inkişafını təmin etmək üçün respublikada məqsədyönlü büdcə siyasəti aparılır. İndi büdcədən xərclənən vəsaitin yarısından çoxu əmək haqqı, pensiya və müavinətlərin verilməsinə yönəldilmişdir. Müqayisə üçün deyim ki, 1995-ci ildə dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 182 milyard manat olmuşdusa, - büdcənin təxminən 8,5 faizi, - 2001-ci ildə bu rəqəm 4 dəfə artaraq, təxminən 800 milyard manata çatmışdı və büdcənin 18 faizini təşkil edirdi.
Büdcənin artımı ilə yanaşı respublikada maliyyə sabitliyini təmin etmək, xalqın gələcəyi üçün ehtiyatlar yaratmaq məqsədi ilə, Milli Bankın valyuta ehtiyatları artırılmış, habelə Neft Fondu yaradılmışdır. Dövlətin bu iki strateji ehtiyatlarında indi 1,2 milyard dollar valyuta toplanmışdır və bunun da respublikanın həm bu günü, həm də gələcəyi üçün çox böyük əhəmiyyəti var. Çünki sərmayəçilərin respublikaya inamını artırır, möhkəmləndirir.
Digər tərəfdən, respublikanın 1,2 milyard dollar borcu da var. Amma bu borclar uzunmüddətlidir. Borcların əksəriyyətini - 60-70 faizini biz Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, demək olar ki, çox güzəştli şərtlərlə, faizsiz, 35-40 ilə götürürük. Əgər hesablasaq, qaytaranda bu borclar indiki 1,2 milyard dollar olmayacaq, pulun alıcılıq qabiliyyəti bəlkə də 10 dəfə aşağı düşəcəkdir. Ona görə də bu imkandan istifadə edib həmin maliyyə qurumlarından bu borcları götürmək lazımdır. Çünki onların hesabına, birincisi, müasir infrastruktur yaradırıq. İkincisi də, həmin borclar ölkəmizdə maliyyə sabitliyi yaratmağa kömək edir.
Mən sizə deyim ki, öz borcunun nisbi ağırlığına görə Azərbaycan nəinki MDB respublikaları arasında, ümumiyyətlə, digər ölkələr arasında bəlkə də olduqca az borcu olan ölkədir. Borcla əlaqədar büdcəyə düşən güc 1,5 -2 faizdən artıq deyildir. Ona görə belə borclar yaxşı idarə olunur, respublikanın dünyada kredit reytinqinin ilbəil artmasına imkan yaradır və xarici iş adamları Azərbaycana sərmayə gətirməyə, ölkəmizlə əməkdaşlıq etməyə çox böyük meyl göstərirlər.
Ümumiyyətlə, 2001-ci ildə respublikanın həm iqtisadi, həm sosial siyasətində nailiyyətləri az deyildir. Mən heç də onların hamısını sadalamağı qarşıma məqsəd qoymamışam. Yalnız respublikanın inkişafında ən strateji məqamlara toxunmuşam. Qeyd olunan məlumatlar bir daha göstərir ki, ölkəmizdə aparılan iqtisadi siyasət düzgün qurulmuşdur və ən dəqiq auditor - zaman və əldə olunan nəticələr bunu təsdiq edir. Bu siyasətdə mərkəzi yeri islahatlar tutur. Biz bu islahatları dünya maliyyə qurumları ilə birgə, ilk növbədə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə sıx əməkdaşlıq əsasında həyata keçiririk. 2001-ci ildə özəlləşdirmədə, pensiya və kommunal sistemində mühüm addımlar atılmışdır. Ən qısa vaxtda bu sahələrdə yüksək nəticələr əldə olunacaqdır. Prezident Heydər Əliyevin iqtisadiyyatın idarə edilməsində apardığı ardıcıl siyasət nəticəsində çevik və səlahiyyətli idarəetmə strukturu formalaşır. Bu da sosial-iqtisadi inkişafa öz müsbət təsirini göstərir.
Bununla yanaşı, demək lazımdır ki, problemlər də az deyildir. Kommunal sahədə islahatlar hələ də ləng aparılır, ödəməmələr problemi həll olunmamış qalır. Büdcə vəsaitlərinin istifadəsində nəzarət sistemi ciddi surətdə təkmilləşdirilməli, büdcədənkənar fondlardan istifadənin səmərəliliyi artırılmalıdır. Ağır sənayedə, birinci növbədə maşınqayırmada özəlləşdirmə, habelə sosial obyektlərin özəlləşdirilməsi prosesi sürətləndirilməlidir. Ən vacib sahələr üzrə məqsədli proqramlar hazırlanıb həyata keçirilməlidir. Nazirlər Kabinetinin, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının strukturu təkmilləşdirilməli, bir sıra iri dövlət şirkətlərinin strukturunun yenidən qurulması başa çatdırılmalıdır.
İqtisadiyyatın tərəqqisində, birinci növbədə özəl sektorun inkişafında lokomotiv rolunu bank sektoru oynamalıdır. Təəssüf ki, hələ belə deyildir. Nəticədə kiçik və orta biznesi dəstəkləmək üçün kredit və digər mexanizmlər lazımi səviyyədə işləmir. Cürbəcür bürokratik maneələr dövlət büdcəsində sahibkarlığın inkişafına ayrılmış vəsaitlərdən istifadədə çətinlik yaradır. Bu və ya digər problemləri həll etmək üçün Prezident Heydər Əliyevin göstərişi ilə məqsədli proqramlar və tədbirlər hazırlanır. Nazirlər Kabinetində, İqtisadi İnkişaf Nazirliyində artıq bu istiqamətdə lazımi işlər görülür. Şübhə yoxdur ki, bunlar müvəqqəti çətinliklərdir və tezliklə aradan qaldırılacaq, Azərbaycan iqtisadiyyatının dinamikliyi və səmərəliliyi daha da artacaqdır.
Sonra Vahid Axundov jurnalistlərin suallarına cavab verdi.
SUAL:ABŞ dövlət departamentinin hesabatında göstərilir ki, ölkə iqtisadiyyatının inkişafında əsas ləngidici amil korrupsiyadır. Siz bunu necə şərh edərdiniz? Bununla əlaqədar, daha bir sual: Dövlət antikorrupsiya proqramının qəbul edilməsi ilə bağlı işlər nə yerdədir?
CAVAB: Korrupsiya heç də təkcə Azərbaycan iqtisadiyyatının bəlalarından biri deyildir. Bu, bütün ölkələrdə, xüsusən transformasiya keçid dövrünü yaşayan ölkələrdə kifayət qədər kəskin problemdir. Biz də belə ölkələrdən biriyik. Zənnimcə, antikorrupsiya proqramı layihəsində bu da öz əksini tapmışdır və gündəlik fəaliyyətimiz məhz korrupsiyaya qarşı yönəldilmişdir. Sözlərimə qüvvət olaraq, ilk növbədə, özəlləşdirməni, idarəetmənin təkmilləşdirilməsini göstərə bilərəm. Siz bilirsiniz ki, biz idarəçilik fəaliyyətini tənzimləyən bir sıra qanunlar, o cümlədən dövlət qulluğu haqqında qanun qəbul etmişik və bu qanun Avropa standartlarına uyğun olaraq hazırlanmışdır. Bütün bunlar Prezidentin nəzarəti altındadır və bu sahədə kompleks tədbirlər həyata keçirilir.
Mən bir məqamı vurğulamaq istərdim. Biz Azərbaycanın ünvanına tez-tez belə əsassız ittihamlar eşidirik ki, guya ölkəmizdə korrupsiyanın səviyyəsi olduqca yüksəkdir. Mən belə bir məlumatın formalaşması mexanizmini sizə açıqlayacağam. Adətən, bu, respublikada öz işlərindən narazı olan biznesmenlər arasında anonim sorğu əsasında edilir. Məsələn, nə üçün digər postsovet respublikalarında, tutalım, Ermənistanda belə narazı şəxslər Azərbaycandakına nisbətən, az olur? Bir baxın, nələr baş verir. Azərbaycanda sərmayələrin həcmi ildə 2, bəzən də 2,5 milyard dollara çatır. Bir qayda olaraq, bütün bu sərmayələr bir çox tenderlər vasitəsilə qoyulur. Bir şirkət tenderin qalibi olur, tenderin qalan iştirakçıları isə narazılar sırasına düşür və anonim qaydada şikayət edirlər. Məsələn, sərmayalərin həcminin ildə 20 milyon dollar olduğu, belə proseslərin getmədiyi, bu qədər tenderlər keçirilmədiyi Ermənistanda görün nələr edilir?
Orada təbii ki, şikayət edən yoxdur və deməli, belə çıxır ki, bu baxımdan Azərbaycana nisbətən vəziyyət guya daha yaxşıdır. Yəni, burada respublikanın xüsusiyyətlərini, məsələn, onun yüksək sərmayə fəallığını və tamamilə təbiidir ki, narazı şəxslərin çoxluğunu nəzərə almaq lazımdır, çünki tenderdə biri qalib gəlir.
Mən bununla əsla demək iştəmirəm ki, bizim problemlərimiz yoxdur. Problemlər var. Lakin düsünürəm ki, bizim həyata keçirdiyimiz tədbirlər, məsələn, korrupsiya əleyhinə proqramın hazırlanması, özəlləşdirmə çərçivəsində görülən tədbirlər kifayət qədər güclü təsiri göstərəcəkdir.
SUAL: Korrupsiya əleyhinə proqram bir ildən artıqdır hazırlanır. Bu gün onun qəbul edilməsinin real müddəti barədə danışmaq olarmı?
CAVAB: Düşünmürəm ki, korrupsiya problemi belə dərin və çox şaxəlidir. Zənnimcə, dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bütün cəhətlərin məqsədlərindən biri də korrupsiyanın aradan qaldırılmasıdır. Mən bundan əvvəl dövlət qulluğu haqqında qanun, dövlət qulluqçularının əmək haqqının artırılması, dövlət vəzifələrinə müsabiqə yolu ilə təyin olunma barədə danışdım. Razılaşın ki, bütün bu proseslər məhz korrupsiyanın aradan qaldırılmasına, daha layiqli kadrların daha keyfiyyətlə seçilməsinə yönəldilmişdir. Ona görə də düşünürəm ki, korrupsiya əleyhinə proqramın qəbul edilməsi məsələsi tezləşdiriləcəkdir. Lakin, məncə, hər şeyi məhz bu proqramla bağlamaq olmaz. Zənnimcə, daha geniş planda dövlət tərəfindən tənzimlənmənin təkmilləşdirilməsi məsələsinin əsas məqsədlərindən biri də korrupsiyanın aradan qaldırılmasıdır.
SUAL: Vahid müəllim, respublikada aparılan islahatların məntiqi davamı olaraq, Tarif şurasının yaradılması barədə nə deyə bilərsiniz?
CAVAB: Tarif şurası Nazirlər Kabineti nəzdində artıq yaradılmışdır. Mən hesab edirəm ki, bu, çox müsbət haldır. Çünki, bilirsiniz ki, bizim respublika böyük deyil, lakin inhisarçıların sayı olduqca çoxdur. Bunu tənzimləmək üçün hökmən tarif siyasəti aparmaq lazımdır. Tarifin təsdiqi o qədər çətin prosesdir ki, bunu bir nazirliyin çərçivəsində aparmaq mümkün və düzgün deyildir. Ona görə hesab edirəm ki, yaranmış Tarif şurası, çox müsbət rol oynayacaqdır. Həm antiinhisar siyasətində, həm də ümumiyyətlə, dövlət iqtisadiyyatı çərçivəsində.
SUAL: Vahid müəllim, siz əhalinin banklara inamının artdığını dediniz. Dediniz ki, əhalinin banklarda olan depozitləri artmışdır. Əlbəttə, bu, çox sevindirici haldır. Amma əhalinin banklara inamı o zaman tam bərpa olunacaq ki, bir vaxtlar əmanət banklarına qoyulmuş pullar qaytarılsın. Mən bilmək istərdim ki, bu istiqamətdə real perspektiv necədir? Növbəti sualım kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlıdır. Siz dediniz ki, respublikada kənd təsərrüfatı məhsullarının istehsalı artıb, idxal olunan məhsullar azalıb. Azərbaycanda kənd təsərrüfatı istehsalı üçün çox böyük imkanlar var. Bu sahədə maneə həm də emal müəssisələrinin tam gücü ilə işləməməsi, çatışmamasıdır. Emal müəssisələri işləsə həm əhalinin məşğulluğu təmin olunar, həm öz məhsullarımız istifadə olunar, həm də daxili bazar qorunar. Bu barədə fikriniz?
CAVAB: Birinci sualınız çətin məsələdir. Vaxtilə əmanət bankında cəmləşən vəsait, hesablamalara görə 1,5-2 milyard dollara yaxın təşkil edir. Hələlik qanunvericilik, banklar səviyyəsində bu məsələ müzakirə olunur, normativ baza yoxdur. Hələ ki, bizə qanun layihəsi təqdim edilməyibdir. Amma edilsəydi də, açıq demək istəyirəm ki, bu gün dövlətin həmin əmanətləri ödəmək üçün vəsaiti yoxdur. Siz bilirsiniz ki, postsovet məkanında, bəzi ölkələrdə bu məsələnin həlli ilə bağlı cürbəcür cəhdlər göstərilmişdir. Məsələn, Rusiyada kim banklara vəsait qoymuşdu, onlara qiymətli kağızlar vermişdilər. Biz müxtəlif alternativ yollara baxmağa hazırıq. Məncə, həm qanunvericilik tərəfindən, həm də icra hakimiyyəti tərəfindən, eləcə də zərərçəkənlər tərəfindən cürbəcür təkliflər meydana çıxmalıdır və onlar müzakirə olunub müəyyən kompromisə varianta çıxmaq lazımdır. Razılaşın ki, dövlət bu gün valyutasız qalsa, bundan hamı zərər çəkəcəkdir, o cümlədən əmanət bankına pul qoyanlar. Ona görə də biz gərək elə edək ki, dövlətin maliyyə sabitliyi də möhkəm olaraq qalsın. Qaldı ki kənd təsərrüfatı istehsalı ilə əlaqədar verdiyiniz suala, deməliyəm ki, burada problem var. Bunu yalnız və yalnız kredit kanalları ilə həll etmək olar. Bizə söz vermişlər ki, Avropa Bankı, Beynəlxalq Maliyyə Korporasiyası burada mikrokreditləşdirmə bankı açacaqlar. Məncə, bu iş normal gedir, belə də olacaqdır. Digər kanallar da, bizim öz kommersiya bankımızın kanalları da var. Ola bilsin ki, yeni kanallar da axtaraq. Razılaşın ki, dövlət xətti ilə bu müəssisələri məcburi qaldırsaq, biz yenə də köhnə sistemə qayıdarıq. Biz bu yolu seçmək istəmirik. İstərdik ki, iş adamları bankların kreditləri vasitəsilə, sahibkarlıq yolu ilə bu sahəni inkişaf etdirsinlər. Dövlət bu sahədə lazımi kömək göstərəcəkdir. Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, indi İqtisadi İnkişaf Nazirliyində bir sıra məqsədli proqramlar hazırlanır. Bunlarda kənd təsərrüfatının inkişafı məsələləri də qoyulubdur. Siz bilirsiniz ki, büdcədə də bu məqsədlər üçün müəyyən vəsait ayrılıbdır. Mən əminəm ki, may ayından gec olmayaraq, bu mexanizmlər işə düşəcəkdir.
Mən sizinlə tamamilə razıyam ki, Azərbaycanın kənd təsərrüfatında istifadə olunmamış çoxlu imkanlar var. Biz nəinki öz tələbatımızı ödəyə, hətta bəzi məhsullarımızı ixrac da edə bilərik və edirik də. Bu ixracın miqyasını artırmaq da olar.
SUAL: Dünya Bankının və yaxud da beynəlxalq təşkilatların Azərbaycana tövsiyələrindən biri olan yoxsulluğun azaldılması proqramının hazırlanması üçün hansı işlər görülür?
CAVAB: Onun hazırlanması məsələsində bizi heç kəs təqsirləndirmir. Biz onlarla birgə işləyirik. Siz yaxşı başa düşürsünüz ki, yoxsulluq problemini pul paylamaqla yox, müavinətləri artırmaqla yox, birinci növbədə iqtisadi inkişafa nail olmaqla həll etmək mümkündür. Ona görə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə çox sıx əməkdaşlıq edirik. O proqram da bizim gündəliyimizdədir. Biz onun üzərində işləyirik. Həm büdcəni tərtib edəndə, həm də məqsədli proqramlar hazırlayanda bu, nəzərə alınır. Mən sizin nəzərinizə çatdırmaq istəyirəm ki, yoxsulluğun azaldılması barədə xüsusi məqsədli proqram var, Prezident Aparatında ona baxılır.
SUAL: Vahid müəllim, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri haqqında fikirlərinizi dinlədik. Bizi sevindirən odur ki, iqtisadiyyatımızda inkişaf meylləri var. Bu da sizin dediyiniz kimi, Azərbaycanda yeridilən iqtisadi siyasətin bəhrəsidir. Bu gün Azərbaycanın maliyyə-kredit, özəlləşdirmə siyasətində əldə olunan uğurlardan, eyni zamanda maliyyə reytinqinin artmasından danışırıq. Deyə bilərsinizmi, son beş ildə sənayedə artım əsasən hansı sahələr üzrə olmuşdur? Gələcək illərdə daha hansı sahələrində belə artıma nail olmaq mümkündür?
CAVAB: Mən deyə bilərəm ki, bu birinci növbədə, sözsüz ki, neft sənayesində... Amma indi neft kimyası, metallurgiya, yeyinti, tikinti materialları sənayesində çox yüksək göstəricilər əldə etməyə başlayıblar. Bəzi layihələr var, mən indi onları tam açıqlaya bilmirəm. Amma danışıqlar gedir. Bu yaxınlarda bəzi müəssisələr strateji idarəetməyə veriləcəkdir. Bu, həm metallurgiyaya, həm də yüngül sənayeyə aiddir. Bu da həmin müəssisələrin qısa bir vaxtda dirçəlməsinə səbəb olacaqdır. Artıq bu gün sənayedə 5 minə qədər hüquqi şəxs yaranıb, bunlar istehsalçılardır. Amma sərmayə prosesi vaxt tələb edir. Çünki bilirsiniz ki, təxminən 2-3 il bundan qabaq özəlləşdirmədə yeni proseslər başlayıb. Özəlləşdirmənin birinci mərhələsində bəzi səhvlər olub, sonra bunları təshih etmişik. Nəhayət, indi özəlləşdirmə elə aparılır ki, bu, müəssisənin dirçəlməsinə də imkan verəcəkdir. Əsas özəlləşdirmə sərmayə müsabiqələri əsasında aparılır. Yeni sahibkar müəyyən öhdəliklər götürür ki, həmin müəssisəni dirçəldəcək və inkişaf etdirəcəkdir. Ona görə də bu prosesə inam olduqca çoxdur. Amma, bunun üçün vaxt tələb olunur. Bəzilərində belə bir fikir yaranıbdır ki, məsələn, boru prokatı zavodunu götürüb işlətmək olar. Düzgün deyil, oradakı texnologiya 30-40 il bundan əvvəlki texnologiyadır. Onun məhsulu bu gün rəqabətə dözə bilməz.
Bu zavodu dirçəltmək üçün əsaslı surətdə sərmayə qoymaq lazımdır. Bu, bütün müəssisələrə aiddir. Razılaşın ki, biz iqtisadiyyatı köhnə sovet prinsipləri əsasında dirçəltmək istəmirik. O asandır, çox da çətin deyil. Kredit ayırmaqla hər hansı bir zavodu zahirən dirçəltmək olar. Onun məhsulu kimə lazımdır, bu məhsulu kim alacaq? Rəqabətə dözməyən məhsulu istehsal etməyin nə mənası var? Ona görə də biz daha prinsipial mövqe tutmuşuq. Biz istəyirik ki, zavodu bazar prinsiplərinə uyğun dirçəldək. Elə dirçəldək ki, onun məhsulu həm daxili bazarda, həm xarici bazarda rəqabətə dözsün. Bu proses bir qədər çətindir. Amma indi əldə olan məlumatlara, aparılan danışıqlara görə mən sizə deyirəm ki, ən yaxın vaxtlarda bir neçə iri, mühüm obyekt həm özəlləşdiriləcək, həm də strateji idarəetməyə veriləcəkdir. Bu da bir sıra yeni sahələrin dirçəlməsinə səbəb olacaqdır.
SUAL: Vahid müəllim, Azərbaycanda külli miqdarda kiçik müəssisə qeydiyyatdan keçmişdir. Onlara dövlət tərəfindən kredit ayrılması nəzərdə tutulub, yoxsa yox? İkinci bir sual, bir ildən çoxdur ki, Bakı şəhərində kiçik müəssisələrin yarımçıq qalmış tikintiləri dayandırılıbdır. Bu, iqtisadiyyatın inkişafına, iş yerlərinin açılmasına mane olmurmu?
CAVAB: Birincisi, demək istərdim ki, dövlət kredit ayırmır. Krediti vermirlər, krediti alırlar. Krediti almaq üçün birinci növbədə dəqiq biznes plan olmalıdır. Mən sizə açıq deyim, indi bankların bir nömrəli problemi krediti yerləşdirməkdir. Çünki əhali pullarını banklara qoyur, 10-12 faiz gəlir götürmək məqsədi ilə... Banklar maraqlıdır ki, o pulları yerləşdirsin və kreditdən faiz alıb o pulları qaytara bilsin. İndi ən çətin problem normal, səmərəli biznes plan hazırlamaqdır. Krediti elə-belə götürüb sonra qaytarmamaqla problem həll olunmur. Kimsə öz şəxsi problemini həll edir. Bir neçə il bundan əvvəlki bankların müflisləşməsi birinci növbədə onunla bağlıdır ki, kreditlər elə-belə, paylanır sonra da, sözsüz ki, heç nə qayıtmırdı. Bizdə, İqtisadi İnkişaf Nazirliyində, aqrar sahədə müəyyən qurumlar var. Əgər normal biznes planlar varsa, göndərsinlər. Bunun üçün imkanlar, ehtiyatlar da var. Əgər doğrudan da normal biznes plan olsa, onu kreditlə təmin etmək çətin deyildir.
İkinci sualınıza gəldikdə, deməliyəm ki, kiçik sahibkarlığı inkişaf etdirmək lazımdır. Söz yox ki, tikintiləri də davam etdirmək lazımdır. Ancaq bunlar qanun əsasında görülməlidir. Şəhərin baş planı əsasında yerinə yetirilməlidir. Heç vaxt bir işi digərinin hesabına görmək olmaz. Burada həm qanuna əməl olunmalıdır, həm də kiçik sahibkarlığın inkişafı təmin edilməlidir. Bunların ikisi də bir-biri ilə bağlı proseslərdir. Ola bilsin ki, kimsə qanunsuz olaraq torpağı zəbt edir, nəsə tikir. Bununla razılaşmaq olmaz. Əgər tikinti qanuni aparılırsa, o, davam etdirilməlidir. Qanunsuz dayandırılıbsa, buyurun, müraciət edin, konkret olaraq o məsələyə baxarıq.
SUAL: Vahid müəllim, siz buyurdunuz ki, özəl sektorun inkişaf sürəti dövlət müəssisələrinə nisbətən yüksəkdir. Özəl sektora və dövlət sektoruna münasibətdə ikili siyasətə qarşı neçə cür mübarizə aparılır? Eyni istehsal sahəsinə məxsus olan dövlət müəssisəsi ilə özəl müəssisəyə münasibət bir çox baxımdan fərqlidir.
CAVAB: Mən sizinlə tamamilə razıyam. Bilirsiniz ki, mülkiyyət formalarına münasibətdə ayrı-seçkilik Azərbaycan konstitusiyasında da qadağan edilibdir.
Dövlət həm özəl sektora, həm də dövlət sektoruna eyni gözlə baxmalıdır. Ümumiyyətlə, dövlət iqtisadiyyatdan getməlidir, İqtisadiyyatda iştirak etməməlidir. Dövlət yalnız iqtisadiyyatı tənzimləməlidir.
Mən demək istərdim ki, hələ onlar postsovet dövründə olduğu kimi işləyirlər. Müxtəlif tariflər təyin edirlər. Dövlət müəssisələrində bir tarifdir, özəl sektorda isə başqa tarifdir. Bu, tamamilə qəbuledilməz bir haldır. Mən əminəm ki, yaradılan Tarif şurası bu məsələlərə baxacaqdır. Bütün tariflər mütləq eyni olmalıdır. Nə çox, nə az. Mən bilirəm, enerjidə, yükdaşımalarda tariflərdə fərqləndirmə var, bu tamamilə qəbuledilməzdir. Qanuna və Konstitusiyaya zidd bir hərəkətdir.
SUAL: Azərbaycanda şəffaf büdcə mümkündürmü və mümkündürsə, bunu nə vaxt gözləmək olar?
CAVAB: Bəli, bu, bəlkə də ən vacib problemdir. Ona görə də biz hələ bir il bundan əvvəl beynəlxalq qurumlarla birgə yeni büdcə sistemi haqqında qanun layihəsi tərtib etdik. Bu yaxınlarda, Prezident bu layihəni imzaladı və biz onu Milli Məclisə təqdim etdik. Amma bu, hərtərəfli, çox sahələrə toxunan qanun olduğuna görə, sözsüz ki, həm Milli Məclis, həm də biz onun üzərində işi davam etdiririk. Cürbəcür təkliflər var. Mən sizə deyim ki, yeni qanundan əsas məqsəd də odur ki, büdcə şəffaf olsun. Büdcənin tərtibindən başlayaraq, qəbul edilməsinədək bütün mərhələlər açıq olsun, bütün ictimaiyyət bu proseslərdə yaxından iştirak etsin. Ona görə də Prezidentin tapşırığı ilə dövlət bu işi gördü, təqdim etdi. Mən əminəm ki, təxminən 1-2 ay ərzində bu qanun qəbul ediləcək, bəlkə də 2003-cü ilin büdcəsi yeni qanun əsasında tərtib olunacaqdır.
SUAL: Vahid müəllim, yoxsulluqla mübarizə üçün aralıq sənədin hazırlanması zamanı hökumət tərəfindən hər hansı hesablamalar aparılıbmı ki, əhalinin hansı hissəsi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Beynəlxalq maliyyə təsisatlarının bu rəqəmi 24 faiz həddində göstərməsinə sizin münasibətiniz necədir? İkinci sualım qarşılıqlı borclarla bağlıdır.
CAVAB: Bilirsinizmi, indi İqtisadi İnkişaf Nazirliyində 15 nəfərdən ibarət bir qrup da yaradılır. Həmin qrup yoxsulluğun azaldılması proqramı üzərində daim işləyir. Siz dediyiniz bütün parametrləri təhlil edir. Mövcud sovet statistikasında belə mexanizmlər yox idi ki, bu cür informasiya əldə edək. Amma indi bu qrup işləyir. Əldə olan məlumatlara görə belə bir informasiya tapılır. O cümlədən, gəlirlər üzrə bölgülər barədə informasiya var. Amma deyirlər ki, yoxsulluq həddindən aşağı olanları 24 faiz həcmində götərirlər. Bu gün adambaşına pul gəliri ildə 2-2,4 milyon manat düşür. Hesab edirlər ki, bunun diferensiallaşdırdıqda təxminən 24 faiz yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Mən indi nə deyə bilərəm? Sözsüz ki, bu, əlavə yoxlamalar tələb edir. Amma bir cəhəti də nəzərə alın ki, statistika hər şeyi əhatə edə bilmir. Siz özünüz “Vergilər” qəzetini təmsil edirsiniz. Gözəl bilirsiniz ki, vergi qanunvericiliyinin bazası hələ tam formalaşmayıbdır. Hələ biz bütün gəlirlərdən vergi ala bilmirik. Hətta bütün tikinti işlərini vergiyə cəlb edə bilmirik. Uçotu yoxdur, bunlar heç yerdə əhatə olunmur. Amma yenə də deyirəm, 15 nəfərdən ibarət çox savadlı bir qrup bu problem üzərində işləyir. Bu yaxınlarda biz əlavə məlumatlar alacağıq.
SUAL: Növbəti sualım qarşılıqlı borclarla bağlıdır. Hökumət qarşılıqlı əvəzləşdirmə və müəyyən vəsaitlərin silinməsindən başqa hələlik hec bir çıxış yolu tapmayıb. 2002-ci il dövlət büdcəsinin tətbiqinə dair Prezidentin Fərmanında da bu sahədə konkret təkliflərin iki ay müddətində hazırlanması barədə tapşırıq verilmişdir. Bilmək istəyirəm, belə təkliflər varmı? Məsələnin iqtisadi yollarla həll edilməsi üçün siz hansı tədbirlər görülməsini nəzərdə tutursunuz?
CAVAB: Bilirsiz, biz ödəmələr probleminə baxsaq, görərik ki, bunların 90 faizi bir zəncirvari həlqədədir. Ödəməmələrin 90-95 faizi neft, elektrik enerjisi və ya qaz sahələrində yaranır. Ona görə də biz bir neçə il cəhd etdik ki, məsələni özümüz həll edək. Amma təəssüf ki, həll edə bilmədik. Ona görə də Bakı şəhər elektrik şəbəkəsini Türkiyə şirkətinə verdik. Onlar indi burada işləyirlər və pis də işləmirlər. Mən əminəm ki, onlar problemi həll etməyə başlayıblar, elektrik sayğacları qoyublar. Hesab edirəm ki, bu problemin həlli mümkündür.
Mən bayaq dedim ki, bizdə kommunal sahədə islahatlar ləng gedir. Həmin bu problem kommunal sahədə islahatlarla bağlıdır. Əgər biz metronun, qazın, suyun, kanalizasiyanın, işığın xərclərinin ödənilməsi problemini həll etsək, sizi inandırıram ki, ödəməmələr problemi də həll olunacaqdır. Biz banklarla distribüter dediyimiz təşkilatlar arasında yaxşı ünsiyyət yarada bilsək, məsələ həll oluna bilər. Bakı şəhər elektrik şəbəkəsi ilə beynəlxalq bank arasında yaxşı ünsiyyət yaranmışdır. Ödəməmələr bank sistemi vasitəsilə həll edilir. Amma siz yaxşı bilirsiniz ki, bütün digər başqa sistemlər nağd pul vermir. Mən əmin deyiləm ki, nəğd yığılan pullar büdcəyə daxil olar, ödəməmələr problemi həll edilə bilər. Ona görə biz istərdik ki, - Prezident tərəfindən belə göstəriş var, - bu problemi bank vasitəsilə həll edək.
Büdcə haqqında fərmanda ödəmə sistemi haqqında bir neçə vacib bənd var. Banklara faktiki olaraq tapşırılmışdır ki, ödəmə sisteminə bizim müəssisələrlə birlikdə yenidən baxaq və yenisini yaradaq. Mən bir də deyirəm, bunu kommunal islahatı sisteminin tərkibində etmək lazımdır. Güzəştlər bu məsələ ilə bilavasitə bağlıdır. Razılaşın ki, köhnə sistem - güzəşt sistemi olanda kommunal islahatları aparmaq mümkün deyildi. Özü də burada dövlət düzgün etməmişdi, kiminsə hesabına güzəşt verirdi.
Siz yaxşı bilirsiniz ki, qanunla müəssisə öhdəliklərə görə cavabdeh deyildir. Müəssisə də hökumətin öhdəliklərinə görə cavabdeh deyildir. Amma vaxtilə qanunlar qəbul edilirdi, hansısa müəssisənin hesabına, hətta özəl sektorun hesabına güzəştlər verilirdi. Ona görə də Azərbaycan Prezidenti çox radikal addım atdı. Biz bu güzəştləri ləğv etməyə başladıq. Dövlət lazımi güzətləri öz boynuna götürür və onu pulla büdcədən ödəyir. Müəssisələr bu güzəştlərdən azad olmalı, öz tariflərini tam yığıb vergiləri ödəməlidir. Razılaşın ki, bu, bir neçə problemlə bağlıdır və ona görə də belə ətraflı cavab verirəm. Həm güzəştləri ləğv etmək, həm yeni ödəmə sistemi yaratmaq - bunların hamısı sizin dediyiniz sualla bağlıdır. Prezidentin Fərmanında bu istiqamətlər əks olunubdur. İndi bu problemlə bağlı həm İqtisadi İnkişaf Nazirliyi, həm də Milli Bank tərəfindən təkliflər gəlir. Biz işləyirik və əminəm ki, bir ay ərzində mükəmməl yekun sənədi hazırlayıb Prezidentə təqdim edəcəyik.
SUAL: Vahid müəllim, ötən il hökumət özəlləşmədən qabaq müəssisələrin istehsalını dirçəltmək üçün bir neçə sənaye müəssisəsinə dövlət vəsaiti ayırmışdı. Boru Prokat Zavodunun timsalında həmin vəsaitdən səmərəsiz istifadənin şahidi olduq. Bilmək istəyirəm, dövlət bundan sonra həmin vəsaitləri ayırmaqda davam edəcək, yaxud yox?
CAVAB: Mən bu cür vəsaitlərin ayrılmasının tam əleyhinəyəm. Bu düzgün deyil. Bu problemi pul, kredit ayırmaqla həll etmək düzgün deyil. Mən bayaq dedim, bu problemlər müəssisələrin dirçəlməsi pul paylamaqla həll olunmur. Başa düşməliyik ki, büdcədən verilən pul xalqın, vergi ödəyicilərinin pullarıdır. Həmin pulları biz elə-belə paylaya bilmərik. Bu, düzgün deyil. Prezidentimiz ən düzgün yolu seçib. Bu, islahatlar yoludur. Müəssisələr İslahatlar, sahibkarlıq yolu ilə dirçəldilməlidir. Pul paylamaq, yaxud hansısa güzəştlər etmək bu düzgün yol deyildir.
SUAL: Vahid müəllim, siz Azərbaycanın xarici borcları haqqında məlumat verdiniz. Son vaxtlar MDB ölkələri ilə Azərbaycan arasında borclar məsələsi hallandırılır. Mən bu fikri Qazaxıstanın, Ukraynanın, Türkmənistanın timsalında deyirəm. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz.
CAVAB: Türkmənistanla bağlı maliyyə problemimiz yoxdur. Orada hüquqi problem var. Türkmənistanla 38-40 milyon dollar, Özbəkistanla yarım milyon dollar səviyyəsində problem yaranmışdı. Söhbət gedir ki, vaxtilə dövlətin borcu olmayıb, bu müəssisələrin borcudur. Mən bayaq dedim ki, dövlət müəssisələrin öhdəliyinə görə cavabdeh deyildir. Biz də istərdik ki, problemi həmin müəssisənin özü həll etsin. Məsələn, ola bilsin ki, barter əsasında. Mənim yadımdadır, vaxtilə Türkmənistandan alınan qazın əvəzinə biz ora içməli su, Bakının bəzi məüəssisələrinin məhsullarını - kondisionerlər, neft avadanlığı göndərirdik. Bu məsələ barter yolu ilə həll olunurdu. Müəssisələr öz aralarında müqavilələr bağlamışdılar.
Yenə deyirəm bu yalnız hüquqi problemdir. Biz problemi ona görə həll etmirik ki, imkanımız, pulumuz yoxdur, burada söhbət yarım milyon dollardan, eyni zamanda prinsip məsələsindən gedir. Ona görə də bu məsələ hələ araşdırılır. Həm Türkmənistan, həm də Azərbaycan yəqin ki, müəyyən kompromisə gələcəkdir. Razılaşın ki, bunu kiminsə dediyinə görə ödəməyimiz düzgün olmazdı. Bu, xalqın pullarıdır. Belə hallara qarşı münasibətimiz çox sərt olmalıdır.
SUAL: Dünyadakı iqtisadi böhran Azərbaycanda strateji müəssisələrin özəlləşməsinə təsir göstərə bilərmi? Beynəlxalq Bankın özəlləşməsi prosesi nə yerdədir?
CAVAB: Dünyada tam iqtisadi böhran olduğunu demək olmaz. Sadəcə olaraq investisiya prosesləri zəifləyibdir. Qiymətli kağızlar bazarında onların dəyəri çox da yüksək deyil. Ona görə də kapital bazarında pulun qiyməti olduqca aşağı düşüb. ABŞ-da da aşağı səviyyədədir. Bu, sözsüz ki, dünyanın bütün ölkələrinə, o cümlədən Azərbaycana da təsir edir. Buna baxmayaraq, Azərbaycana investisiya axını olduqca yüksəkdir. Razılaşın ki, ildə 17 faiz artım az deyil. Biz bunu nə ilə stimullaşdırırıq? Birinci növbədə investisiya müsabiqələri keçirəndə çox yumşaq şərtlər təklif edirik. Elə şərtlər təklif edirik ki, investor Azərbaycana gəlməkdə, buraya sərmayə qoymaqda maraqlı olsun, pul qoyub müəssisəni işlətsin. Ona görə də Boru Prokat zavoduna və kondisionerlər zavoduna investorlar tərəfindən maraq oyanıbdır.
Dövlət maraqlı deyildir ki, kimdənsə pul qoparsın. Bizim əsas məqsədimiz odur ki, hətta müəssisəni simvolik qiymətə satmalı olsaq da həmin fabrik və ya zavodu götürüb bir kənara qoymasınlar, işlətsinlər. Biz istəyirik ki, investorlar müəssisəyə sərmayə qoysunlar, özləri də pul qazansınlar, camaat da işləsin. Azərbaycana vergilərin ödənilməsindən başqa heç nə lazım deyildir. Buna görə də biz olduqca yumşaq şərtlər irəli sürürük. Baxmayaraq, necə deyərlər, müsbət investisiya iqlimi yoxdur, biz çalışacağıq ki, onu Azərbaycan üçün daha da əlverişli edək.
SUAL: Beynəlxalq Bankın özəlləşdirilməsi nə vəziyyətdədir?
CAVAB? Mən onun tərəfdarıyam ki, Beynəlxalq Bank özəlləşsin. Amma ona görə yox ki, pis bankdır. O, olduqca yaxşı bankdır. Özü də inkişafda olan bankdır. Siz bilirsiniz ki, bu yaxınlarda bu bankın Moskvada da filialı açıldı. Burada ayrı bir məqsəd var. Rusların təbirincə desək, bu,“etimad” orderidir. Bank müstəqil olmalıdır. Bank dövlətin olanda, ona dövlət tərəfindən təsir edilə bilər. Bank ona görə özəlləşməlidir ki, onu dövlət yox, şura, səhmdarlar şurası idarə etsin. Məqsəd budur. Ona görə də nəinki beynəlxalq bank, gələcəkdə digər banklar da mütləq özəlləşdirilməlidir. Ümumiyyətlə, bank riskli müəssisədir. Dövlət bu riskdə iştirak etməməlidir. Dövlətin bankı dövləti şirnikləndirir ki, onu riskli oyunlara aparsın. Məsələn, telefonla kiməsə kredit verdirsin və sair. Bu olmamalıdır. Ona görə də banklar dövlətin tabeçiliyindən mütləq çıxmalıdır. Səhmdar bankların səhmləri satılmalıdır. Amma bank hara gəldi, kimə gəldi yox, elə qurumlara satılmalıdır ki, müştərilər tərəfindən ona inam olsun. Çünki razılaşın, bankın əsas kapitalı inamdır.
SUAL: Vahid müəllim, büdcədən maliyyələşən müəssisələrdə əmək haqqlarının artırılması məqsədi ilə vəsait ayrılmışdır. Bu il əmək haqqlarının artırılması gözlənilirmi?
CAVAB: Bəli, olacaq. Demək olar ki, bütün sahələr üçün təxminən 25-30 faiz arasında maaşların artırılması nəzərdə tutulmuşdur. Əgər nəzərə alınıbdırsa, deməli, olacaqdır. Buna heç şübhəniz olmasın. Söz yoxdur ki, biz bunu bir gündə etməyəcəyik. Bu artım bəzilərinə aprel ayında, digərlərinə mayda, bir başqalarına isə sentyabrda tətbiq ediləcəkdir.
SUAL: Vahid müəllim, yanvar ayında sənayedə iki faiz geriləmə olubdur. Bu, nə ilə bağlıdır? Deyirsiniz ki, büdcədə artım gedir.
CAVAB: Düzdür, bu sual çoxlarını maraqlandırır. Mən bayaq sizə dedim ki, bəzi sahələrdə istehsal xeyli artmışdır. Məsələn, toxuculuq sənayesində 39 dəfə artım olubdur. Amma ümumiyyətlə, yanvar ayında sənayedə məhsul istehsalı 2 faiz azalmışdır. Bu da bir neçə maraqlı iqtisadi proseslərlə bağlıdır. İki sahə üzrə istehsalın həcmi kəskin surətdə aşağı düşüb. Birincisi, neft emalıdır. Bu da onunla bağlıdır ki, dövlət neft şirkəti yanvar ayında olduqca çox, - təxminən 5 dəfə çox - 650 min ton xam neft ixrac edib. Neft emalı zavodunda işin həcmi az olub. Zavod təxminən 88 faiz həcmində işləyib.
İkincisi, respublikamızda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 faiz təşkil edib. Mən nə üçün deyirəm ki, bu müsbət haldır? Çünki siz bilirsiniz ki, çoxlu problemlər yaranmışdı və bu həmin problemlərlə bağlıdır. Axı, Azərbaycanda enerji təchizatı yaxşılaşıb, amma istehsal aşağı düşüb. Bu da yəqin ona görə belədir ki, biz rayonlara artıq qaz veririk və bununla əlaqədar elektrik enerjisinə tələbat aşağı düşüb. Razılaşın ki, elektrik enerjisi elə bir məhsuldur ki, onu anbara qoymaq mümkün deyildir. O, yalnız və yalnız tələbata uyğun istehsal olunur. Qış dövründə, elektrik enerjisinə maksimum tələbat olduğu aylarda elektrik enerjisi istehsalının aşağı düşməsi hesab edirəm ki, müsbət haldır. Bu, respublikamıza qazın idxalı ilə bağlıdır. Burada müsbət struktur dəyişikliyi olacaqdır. Digər sahələr çox yüksək sürətlə artır, amma bu iki sahə - elektroenergetika və neft emalı aşağı düşmüşdür. Məncə buna heyfslənmək lazım deyildir. Prinsip etibarı ilə burada problem var. Yəqin siz bununla bağlı mənə sual verəcəksiniz. Bu sualla əlaqədar mən deməliyəm ki, çətinliklər var. Birinci növbədə nefi şirkətinin günahı üzündən vergi yığımı yanvar və fevral aylarında 159 milyard manat kəsirlə yerinə yetirilir. Bu təxminən 33 milyon dollardır. Bunun müxtəlif səbəbləri var. Biz onları bilirik. Bunlar konkret səbəblərdir.
Məsələn, Dövlət Neft Şirkəti kredit almışdır, yanvar ayında qaytarmağa məcbur oldu. Rusiyadan Azərbaycan üçün elektrik enerjisi alınıb. Həmçinin Naxçıvan üçün də enerji alınıbdır və sair. Səbəblər çoxdur, amma bunun çarəsi birdir. Prinsip etibarilə Dövlət Neft Şirkətində də struktur dəyişikliyi aparılmalıdır. Normal bazar prinsipi şəraitində işləyən şirkətdə bu cür səbəblər olmamalıdır. Bu da bir siqnaldır ki, neft şirkətində tezliklə struktur dəyişikliyi aparıb onu bazar sektoru prinsiplərinə keçirmək lazımdır. Faktiki olaraq iqtisadiyyatımızda mühit dəyişib, bu şirkət də, bir neçə belə şirkət də, bu məsələyə baxıb həmin təşkilatlarda struktur dəyişikliyi etmək lazımdır. Bəlkə də onları birləşdirmək lazımdır.
Mən sizin yadınıza salmaq istəyirəm ki, Azərbaycan Prezidentinin dekabr ayında imzaladığı Fərmanda həmin problemlə bağlı tapşırıqlar verilibdir. Həm Dövlət Neft Şirkətinin, həm də neft-kimya sənayesi sahəsindəki digər şirkətlərin yeni idarəetmə prinsiplərinə keçirilməsi barədə təkliflər hazırlamaq məqsədi ilə tapşırıqlar verilibdir. Bu yaxınlarda həmin problemə baxılacaq. Bunlar taktiki çətinliklərdir.
Biz artıq mart ayında bütün kəsiri, necə deyərlər, kompensasiya edəcəyik. İndi maaşlarda, pensiyalarda problem yoxdur. Onlar müdafiə olunan büdcə maddələridir. Bu sahədə dövlət lazımi tədbir görür və görəcəkdir.
Bu müsbət haldır ki, vergilər nazirliyi özəl və qeyri neft sektoru üzrə vergiləri 100,1 faiz yerinə yetiribdir. Yalnız Dövlət Neft Şirkətində problem yaranıbdır. Orada həm obyektiv, həm də subyektiv səbəblər vardır.
SUAL: Bu yaxınlarda ABŞ dövlət departamentinin nümayəndəsi, səfir Vilyam Terror bəyan edibdir ki, Amerika şirkətləri Azərbaycanın qeyri-neft sektoruna investisiya qoymaqda maraqlıdır. O, xüsusilə ərzaq istehsalı sənayesinin adını çəkibdir. Bilmək istərdim ki, Azərbaycan respublikası ərzaq və ərzaq istehsalı sənayesində konkret olaraq hansı sahələrə Amerikanın investisiya qoyulmasında maraqlıdır.
İkinci sualım isə belədir. Azərbaycan iqtisadiyyatında gizli iqtisadiyyatın həcmi nə qədərdir? Belə bir yoxlama aparmısınızmı? Gizli iqtisadiyyatın aşkarlanması, aradan qaldırılması üçün Azərbaycan respublikası hansı proqramları hazırlayır, hansı işləri görmək fikrindədir?
CAVAB: Birinci sualın cavabı çox sadədir. Hansı sahəni istəyirlərsə, sərmayə qoya bilərlər. Elə bir sahə yoxdur ki, dövlət oraya moratori qoysun və yaxud öz sərəncamında saxlasın. Bununla bağlı heç bir problem yoxdur. Hansı sahədə işləmək istəyirlərsə, buyursunlar, gəlsinlər. Özü də indi Prezidentin fərmanları ilə ölkəmizdə elə normal idarəetmə sistemi yaranıb ki, xarici investorları cəlb etmək çox asan olacaqdır. Fikir verin, investor əvvəllər gedirdi Əmlak Nazirliyinə, başqa bir yerdə qeydiyyatdan keçirdi. Sahibkarlıq Komitəsi ayrı idi, İqtisadiyyat Nazirliyi öz şərtlərini diqtə edirdi. İndi bu bir sistem, bir qurum vardır.
İnvestor İqtisadi İnkişaf Nazirliynə gəlib bütün problemlərini nazirliyin daxilində, bir sistemdə - həm özəlləşdirmə, həm icarəyə götürmə, həm də idarəetməyə götürmə məsələlərini həll edə bilər. Əgər o, monopolistdirsə tarifləri, şərtləri və sair məsələləri öyrənə bilər. İnvestisiyanın hansı sahəyə cəlb edilməsinə gəldikdə isə burada heç bir məhdudiyyət yoxdur. Kim hansı sahəni istəyirsə, ora investisiya qoya bilər. Burada məhdudiyyət yoxdur.
SUAL: Azərbaycan hansı sahələrə investisiya qoyulmasında maraqlıdır?
CAVAB: Bunu bilmək üçün, sadəcə olaraq bizim idxalımıza nəzər salmaq lazımdır. Bizim xarici əlaqələrimiz barədə sənədlər göstərir ki, ölkəmizdə hansı mallara daha çox tələbat var. Amma burada bir problem vardır. Mən ona görə deyirəm ki, yalnız Azərbaycanı nəzərə almaq mümkün deyil. İndi elə müəssisələr var ki, rəqabətə dözmək üçün balaca bir regionla kifayətlənməməlidirlər. Məsələn, deyək ki, kineskop... Onun dünyada istehsalı 4 min ədəddən az olanda rəqabətə davam gətirmir, istehsal rentabelli olmur. Ona görə də ola bilsin ki, Azərbaycanda tikilən müəyyən bir zavod yalnız ölkəmizin tələbatını yox, həm də Gürcüstanın, bəlkə də Orta Asiyanın və digər regionların tələbatını nəzərə almalıdır. Sözsüz ki, burada güclü marketinq işi aparmaq lazımdır. Dövlət iqtisadi inkişaf nazirliyini ona görə yaradıbdır ki, mütəxəssislər investovlara lazım olan sənədləri də, informasiyanı da versinlər. Bu ondan ötrüdür ki, onlar seçim edə bilsinlər.
İkinci sualınıza cavab olaraq deməliyəm ki, hər bir dövlətdə gizli “Qara” iqtisadiyyat da, “boz” iqtisadiyyat da var. Bununla bağlı xüsusi proqram yoxdur. Siz yaxşı bilirsiniz ki, gizli iqtisadiyyat korrupsiya ilə bilavasitə əlaqədar olan bir prosesdir. Ona görə də biz korrupsiya əleyhinə proqramı həyata keçirə bilsək, - nəinki korrupsiya əleyhinə proqramı, bayaq sadaladığım tədbirləri həyata keçirə bilsək, - bu həm də siz dediyiniz gizli iqtisadiyyat problemini də həll edəcəkdir. Burada əsas işlək mexanizm vergidir. Siz yaxşı bilirsiniz ki, vergi təşkilatlarına böyük səlahiyyətlər verilib, düzdürmü? Ona görə də gizli iqtisadiyyatla birinci növbədə vergi təşkilatları mübarizə aparmalıdırlar.
SUAL: Azərbaycan Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının xarici borcu ödəməyi təklif etdiyi yeddi ölkə sırasına daxil olmuşdur. Amma, mən bilən, Azərbaycan bundan imtina edərək, onun əvəzində güzəştli kredit istəmişdir. Azərbaycan bu beynəlxalq maliyyə təsisatlarından razılıq alıbmı, əgər almayıbsa, onda bu barədə danışıqlar nə vaxt aparılacaqdır? Azərbaycan nə vaxtadək Dünya Bankından və BVF-dən güzəştli kreditlər almaq fikrindədir və bu, nə ilə əsaslandırılır?
CAVAB:Müqabil sual vermək olar? Bəs nə üçün biz güzəştli kreditlər almamalıyıq? Başqa ölkələr nə vaxtadək alacaqlarsa, biz də o vaxtadək alacağıq. Çünki burada ikili standartlar olmamalıdır. Bildiyiniz kimi, məhz bu məsələdə bizim öz mövqeyimiz var. Belə çıxır ki, əmək haqqını qat-qat qaldırmaqla, öz büdcəsinin kəsirini süni surətdə artıran və donorlar hesabına dünya birliyindən güzəştli kreditlər alan ölkələr ölçülüb-biçilmiş siyasət aparan, büdcə kəsirini azaldan Azərbaycana nisbətən daha əlverişli vəziyyətə düşürlər. Məgər bizdə əmək haqqını on dəfələrlə artırmağa ehtiyac yoxdurmu? Biz bunu gözəl başa düşürük. Mən artımın oıduğunu sübut edən rəqəmlərdən danışdım, lakin başa düşürəm ki, 260 min manat məbləğində əmək haqqı son hədd deyildir. Normal yaşamaq üçün, azı, beş dəfə çox əmək haqqı almaq lazımdır. Amma biz bunu etmirik. Bir diqqət yetirin, əgər biz məsələnin bu cür qoyuluşu ilə, yəni Azərbaycanda büdcə kəsirinin az olduğu barədə deyilənlərlə razılaşsaydıq, onda bizi güzəştli kreditdən məmnuniyyətlə kənarlaşdırardılar. Başqa ölkələr xüsusi siyasət yeridirlər. Mən, məsələn, Ermənistanı nəzərdə tuturam. O, kreditlər alır və onları Avropa Birliyinin başına gətirdiyi kimi, qaytarmır və büdcəsində, ticarət balansında çox böyük kəsirin olduğu və bu istiqamətdə heç bir tədbir görmədiyi, əksinə, silahlanma xərclərini artırdığı halda kreditlər götürməkdə davam edir. Əgər biz də belə etsəydik bu, bizə qarşı ikili standartlar siyasəti tətbiq olunardı.
Ona görə də biz beynəlxalq təşkilatlarla, o cümlədən Londonda keçirilmiş görüş çərçivəsində çox fəal iş aparırıq. Sonra onların nümayəndələri buraya gəldilər və mən onlarla görüşdüm. Biz onlarla bu istiqamətdə işi davam etdirəcəyik. Hesab edirik ki, burada yeddi ölkə barəsində ikili standartlar siyasəti ola bilməz. Öz büdcəsinin formalaşdırılmasına diqqətlə yanaşan ölkələr əziyyət çəkə bilməzlər. Odur ki, biz bu istiqamətdə iş aparacağıq.
Biz neft ölkəsiyik, bizim pulumuz var, lakin biz pullarımızı dondurmuşuq, onlardan istifadə etmirik. Biz Neft Fondunun vəsaitinə gələcək nəsillər üçün vəsait kimi, onlar üçün ehtiyat kimi baxırıq. İndi biz
onlardan istifadə edə bilmiriksə, deməli neftdən götürülən gəlirlər baxımından heç bir imtiyazımız yoxdur. Ona görə də beynəxalq birlikdən güzəştli kreditlər alınmasını davam etdirəcəyik. Həm də bizi buna beynəlxalq birliyin özü də sövq edir. O hesab edir ki, bu pullar respublikanın gələcəyi üçündür, respublikada maliyyə sabitliyi üçündür. Ona görə də onlar boş yerə xərclənməməlidir. Gərək ki, mən kifayət qədər aydın izah etdim.
SUAL: Bəs siz ÜDM üzrə meyarlar barəsində nə deyə bilərsiniz? Ona müxtəlif mövqedən yanaşırlar.
CAVAB: Ümumi daxili məhsula gəldikdə, burada borclarımız 23 faiz təşkil edir. Bu, çox da yüksək səviyyə deyildir. Elə ölkələr var ki, onların borcları 100-150 faiz təşkil edir. Bizdə bu baxımdan vəziyyət yaxşıdır. Bilirsinizmi, niyə belədir? Ona görə yox ki, bizə pul lazım deyildir. Məhz ona görə ki, biz ayağımızı yorğanımıza görə uzadırıq. Biz yeri gəldi-gəlmədi kredit götürmürük. Dövlət yalnız ən müstəsna hallarda kredit üçün təminat verir. Açığını deyim, biz ancaq özümüzə sərfəli olan kreditləri götürürük. Ona görə ki, 30-40 il üçün uzunmüddətli kreditlər, əvvəla, silinə bilər, ikincisi, 100 milyon dollar kredit götürsək, 30-40 ildən sonra qaytarılan məbləğ 10 milyona bərabər olacaqdır, çünki dolların alıcılıq qabiliyyəti aşağı düşür. Biz isə bunun hesabına güclü, müasir infrastruktur yaradırıq.
Ona görə də biz belə kreditlər götürürük. Onlar büdcəni qətiyyən ağırlaşdırmır. Lakin müxtəlif biznesmenlər bəzən bizdən kommersiya müəssisələri ücün, nəzərə çarpdırıram, heç də infrastruktur müəssisələri üçün deyil, məhz kommersiya müəssisələri üçün kredit təminatı istədikdə, biz Prezidentin göstərişini - belə borclar almamaq, büdcəni ağırlaşdırmamaq və büdcəyə təzyiq etməmək barədə qəti göstərişi əsas tuturuq. Ona görə də indi meyarlar hələlik adambaşına təxminən 862 dollar səviyyəsində qalır, biz hələlik bu həddə gəlib çatmamışıq. Biz bu istiqamətdə işləyəcəyik.
SUAL: Gələcəkdə struktur dəyişiklikləri çərçivəsində nə kimi tədbirlər görülməsi nəzərdə tutulur və bunlar, əvvəllər deyildiyi kimi, Prezident Aparatını əhatə edəcəkmi? Məsələ bundadır ki, hazırda Nazirlər Kabinetində bu cür iş aparılır. Nəqliyyat Nazirliyini nə vaxt yaratmaq nəzərdə tutulur?
CAVAB: Mən sizə bəri başdan deyim ki, iqtisadiyyatla Prezident Aparatında 5 nəfər məşğul olur. Texniki işçiləri çıxsaq, cəmi 3 nəfərdir. Odur ki, böyük məbləğdə vəsait qənaət ediləcəyinə ümid bəsləməyin.
Hansı problemlərə toxunulacağına gəldikdə isə, prinsipcə orada çox mürəkkəb məsələlər, hətta sadə olmayan, diskussiya xarakterli məsələlər var. Misal üçün, kommunal tariflərin qaldırılması məsələsi. Biz indiki mərhələdə tariflərin qaldırılmasının qəti əleyhinəyik, çünki hesab edirik ki, indi hər şeydən əvvəl kommunal sahənin idarə olunması sistemini yaratmaq, tarifləri bugünkü səviyyədə cəmləşdirə biləcək sistem yaratmaq lazımdır. İndiki səviyyədə yığım və uçotu, hesabatı və bu proseslərə nəzarəti təmin etmək lazımdır. Biz kommunal tariflərə yenidən baxılması, yəni onların beynəlxalq səviyyəyə çatdırılması məsələsinə bu sistem yaradıldıqdan sonra, həyat səviyyəsinin daha da yüksəldilməsi kütlələrin ödəmə qabiliyyətini kifayət qədər təmin etdikdən sonra keçə bilərik.
Bizə bu məsələdə də təkliflərini qəbul etdirmək istəyirdilər, lakin biz qəti surətdə rədd etdik. Biz dediyimizin üstündə duracayıq.
Struktur dəyişikliklərinin davam etdirilməsi ilə bağlı məsələlər vardır. Mən sizə deməliyəm ki, bu proseslər artıq ötən ilin yayından başlanmışdır. Şəxsən Prezidentin təşəbbüsü ilə başlanmışdır və biz bu işi davam etdirəcəyik. Bu məsələlər hansılardır? İlk növbədə, Nazirlər Kabinetinin strukturu ilə bağlı məsələ, çünki nazirliklərin səlahiyyətləri ilə Nazirlər Kabinetinin səlahiyyətləri arasında uyğunluq olmalıdır. Burada biz hansı yanaşmanı düzgün hesab edirik? İdarəetmə sistemi həm nəzəri, həm də praktik baxımdan hakimiyyət piramidasına uyğun olmalıdır, başqa sözlə, maksimum səlahiyyətlər aşağılara verilməli, nəzarət isə yuxarıdan edilməlidir. Bu gün elə vəziyyət yaranmışdır ki, Nazirlər Kabineti həm nəzarət, həm də icra edir. Bu, düzgün deyildir. Prinsipcə, bütün səlahiyyətləri nazirliklərə vermək və bununla da konkret vəzifələrin yerinə yetirilməsində onların çevikliyini və operativliyini artırmaqla, icra məsələləri nazirliklər səviyyəsinə keçirilməli, nəzarət funksiyası isə Nazirlər Kabinetində cəmləşməlidir. Bu gün mövcud olan idarəetmənin funksiyalarına və strukturuna, bax, bu mövqelərdən yenidən baxılmalıdır. Mənə elə gəlir ki, bu məsələdə, bizimlə Dünya Bankı və digər strukturlar arasında prinsipial fikir ayrılığı yoxdur. Yalnız müddətlərin seçilməsi məsələsi mövcuddur ki, bu da , zənnimcə, yaxın vaxtlarda öz həllini tapacaqdır.
Təkcə Nazirlər Kabineti ilə deyil, bir sıra nazirliklərlə, iri dövlət konsernləri ilə bağlı məsələlər də mövcuddur. Mən “Azəri-kimya” şirkətini, neft şirkətini və digərləri nəzərdə tuturam. Görünür, onların strukturunu zamanın ruhuna uyğun qurmaq üçün bu məsələlərə yenidən baxmağın mənası var. Yəni, burada söhbət, məsələn, onların servis xidmətlərinin ləğvindən gedir. Haram pulların “qanuniləşdirildiyi” inşaat, nəqliyyat və s. qurumlar onların nəyinə lazımdır?
Bu şirkətlərin şəffaf olmaması da əsasən məhz bununla bağlıdır. Eyni zamanda, “neft-neftayırma-neft kimyası” prinsipi üzrə vertikal inteqrasiyalı şirkətlər yaratmaq lazımdır. İndi dünyanın bir çox şirkətləri belə vertikal inteqrasiya prinsipi üzrə qurulmuşdur. Bu sahədə də addımlar atılacaqdır. Prinsipcə, növbəti addımımız normal idarəetmə strukturu hazırlanmasından ibarət olmalıdır ki, sonra normal səhmləşdirmə, onun ardınca isə özəlləşdirmə aparılsın. Yenidənqurma ucdantutma da ola bilər, qismən də. Çünki söhbət səhmlərin müəyyən hissəsi satıldıqdan sonra, şirkətlərdəki proseslər üzərində bundan əvvəl olmuş nəzarətin təkcə yuxarıdan deyil, həm də üfüqi vəziyyətdə həyata keçirilməsi üçün idarəetməyə üfüqi nəzarətin tətbiqindən gedir. Hazırda isə bütün iri şirkətlərdə nəzarət həyata keçirilir.
SUAL: Nəqliyyat Nazirliyinin yaradılması barədə nə deyə bilərsiniz?
CAVAB: Bilirsinizmi, Nəqliyyat Nazirliyi 2, yaxud 3 ildir yaradılıbdır. Yəni, bu, artıq siyasət deyil, taktika məsələsidir. Söhbət kimin nazir təyin edilməsindən gedir. Razılaşın ki, bu sual mənə aid deyildir. Əlbəttə, mən belə bir nazirliyin yaradılmasını istəyirəm, ona görə ki, o, siyasi vəzifəni yerinə yetirməlidir. O, əsla kommersiya ilə deyil, dövlətin nəqliyyat sahəsində siyasəti ilə məşğul olmalıdır. Başlıcası, müxtəlif nazirliklər arasında meydana çıxa biləcək problemləri qabaqcadan görməlidir. Bundan əlavə, TRASEKA, Böyük ipək yolu kimi iri nəqliyyat layihələrində və digər layihələrdə iştirak etdiyimizi nəzərə alaraq, bu nazirlik mütləq olmalıdır.
Düşünürəm ki, bu məsələ həll ediləcəkdir. Razılaşın ki, bu, artıq prinsip məsələsi deyil, taktika məsələsidir. Kimisə nazir təyin etmək lazımdır.
SUAL: 1994-cü, yaxud 1995-ci illərdə əhalinin gəlirlərinin indeksləşdirilməsi haqqında qanun qəbul edilmişdir. Nazirlər Kabineti bu qanuna əsasən müvafiq qaydalar işləyib hazırlamalı idi. Lakin bu qanun indiyədək tətbiq olunmur. O nə vaxt işləməyə başlayacaq?
CAVAB: Təkcə bizdə yox, bütün dünyada qəbul edilmiş indeksləşdirmə haqqında qanunlarda müəyyən inflyasiya həddi qoyulmuşdur ki, həmin qanun ondan sonra qüvvəyə minir. Müxtəlif ölkələrdə müxtəlif inflyasiya səviyyəsi müəyyənləşdirilmişdir, lakin heç yerdə, bir qayda olaraq, 5 faizdən aşağı olmur. Mən sizə deyirəm ki, Azərbaycanda artıq 6 ildir ki, inflyasiyanın səviyyəsi 1-2 faizdən yuxarı olmur. Buna görə də, zənnimcə, bu qanuna dair bütün lazımi normativ aktlar mövcud olsaydı belə, o, bu gün qüvvədə olmazdi. Çünki ölkəmizdə inflyasiyanın real səviyyəsi çox cüzidir. 2001-ci ildə inflyasiya cəmi 1,5 faiz təşkil etmişdir. Razılaşın ki, bu, çox kicik rəqəmdir.
SUAL: Vahid müəllim, borclar məsələsini davam etdirmək istəyirəm. Dövlət başçısının 26 dekabr tarixli Fərmanında yanacaq-energetika sektorunda olan qarşılıqlı borclar məsələsinin rübdə bir dəfə monitorinqinin keçirilməsi tapşırılmışdır. “Azərenerji” ilə “Azəriqaz”ın Dövlət Neft Şirkətindən aldığı yanacağa görə olan borclarının ARDNŞ-in dövlət büdcəsinə olan borcu ilə əvəzləndirilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Həmçinin Dövlət Neft Şirkətinin energetika sektoruna subsidiyalarının gələn ildən etibarən büdcə layihəsində əks etdirilməsi tapşırılmışdır. Bu göstəricilər indi hansı səviyyədədir? Yəni, ARDNŞ-ə olan borc və onun büdcəyə olan borcu və neft şirkətinin 2001-ci ildəki subsidiyalar nə qədərdir?
CAVAB: Mən etiraf etmək istərdim ki, doğrudan da indi ilk növbədə büdcə və energetika sektoru arasında yaranmış iqtisadi münasibətlər çox da arzuolunan vəziyyətdə deyildir. Misal üçün, neft şirkəti müxtəlif əməliyyatlar görür. Ola bilsin ki, heç də öz funksiyalarını yetirmək üçün yox. Məsələn, Azərbaycan bu qədər enerji alır, qaz alır. Ayda təxminən 20-22 milyon dollar pul verir. Qazı alıb “Azəriqaz” Səhmdar Cəmiyyətinə verir. O da paylayır. Elə problemlər var ki, doğrudan da şəffaf etmək lazımdır. Dövlət Neft Şirkəti üçün əlavə xərclər yaranır. Neft şirkəti vergilər verir. Bizim fikrimizcə, - bunu Prezident də deyibdir, - bütün münasibətlər şəffaf olmalıdır. Axı, xalq bilməlidir ki, qaz havayı gəlmir, buna pul verilir. Pul ödəmədən heç kəs bizə qaz verməz. Amma indi bu, vergilərin hesabına həll olunur. Ona görə də Prezidentin Fərmanında tapşırıq verilmişdi ki, bütün münasibətlər şəffaf olsun və bütün ödəmələr ünvanına getsin. Bu iş aparılır. Bizdə belə məlumatlar var.
Bu yaxında yeni Fərmanla əlaqədar konkret tədbirlər görüləcəkdir. Razılaşıram ki, doğrudan da çox ağır problemdir. Bu problemi də yalnız şəffaflıqla həll etmək mümkündür.
SUAL: Vahid müəllim, həmin Fərmanla xüsusi maşınqayırma müəssisələrinin perspektiv inkişafına dair bir ay ərzində dövlət proqramı hazırlanmalı idi. Hazırda bu iş nə yerdədir?
Azərbaycanın hazırda müharibə şəraitində olmasını nəzərə alaraq, respublikanın hərbi sənaye kompleksinin gücləndirilməsi nəzərdə tutulubmu?
CAVAB: İndi İqtisadi İnkişaf Nazirliyində bir sıra məqsədli proqramlar hazırlanır. Həm kiçik və orta biznes üçün, həm də ayrı-ayrı sahələr üçün, yüngül sənaye üçün bir sıra proqramlar mövcuddur. Bu yaxınlarda həmin proqramlar Prezident Aparatına təqdim olunacaq və hərtərəfli baxılandan sonra dövlətimizin başçısına təqdim ediləcəkdir. Amma bəzi məqsədli proqramların hazırlanması bir az yubanır. Biz istəməzdik ki, bunlar formal olsun. Bu, kimə lazımdır? Biz heç kimi aldatmaq istəmirik. İstərdik ki, bunlar konstruktiv sənədlər olsun. Elə sənədlər olsun ki, doğrudan da onların əsasında konkret tədbirlər görmək mümkün olsun. Bu proqramlarda konkret ünvanlı tədbirlər görünsün. Ona görə də İqtisadi İnkişaf Nazirliyinə ciddi tapşırıqlar verilibdir. Mən dünən nazirdən konkret məlumatlar almışam. Belə sənədlər artıq hazırdır və biz onun üzərində yenə də işləyəcəyik. O cümlədən hərbi kompleks sahələri üzrə.
SUAL: Siz dediniz ki, qarşılıqlı borcların azaldılması üçün kommunal ödəmələrin təkmilləşdirilməsi lazımdır. Ancaq “Barmek”lə imzalanan müqaviləyə əsasən, şirkət üç il ərzində müvafiq olaraq enerji borclarını 50-60-70 faiz ödəyəcəkdir. Bu, qarşılıqlı borcların artmasına gətirib çıxarmayacaqmı?
İkinci sual: Azərbaycanın ixracında neft və neft məhsulları təxminən 90 faiz təşkil edir. Bu il bunun azaldılması ücün hansısa addım atılacaqmı?
CAVAB: Gəlin, ikinci sualı bir az ayrı cür qoyaq. Nefti azaltmayaq, amma qeyri-neft sektorun ixracını artıraq. Çünki neft ixracını azaltmaq lazım deyildir. Mən sizə deyim, süni surətdə, Fərmanla ixracı artırmaq mümkündür. Razılaşın ki, digər məhsulların ixracı üçün birinci növbədə güclü qeyri-neft potensialı yaratmaq lazımdır. Mövcud fabrik və zavodlar müasir texnologiya ilə təchiz olunmalı, dünya bazarında rəqabətə dözən məhsullar istehsal edilməlidir. Ona görə bayaq dediyim kimi, biz bu istiqamətdə iş aparırıq. Belə tapşırıqlar verilib, iş gedir. Türkiyədə xüsusi vergi sistemi tətbiq olunur ki, istehsalçılar maraqlansınlar. Ona görə bu proses iki istiqamətdə getməlidir. Dövlət idarəetmə sistemi elə tənzimlənməlidir ki, ixrac üçün yaxşı stimullar olsun. Amma ən əsası gərək subyekt yaransın. O subyekt ki, xaricdə rəqabətə dözə bilsin.
Mən başa düşürəm ki, indi Azərbaycanın ixracının 75 faizi neft və 15 faizi neft məhsullarıdır. Yaxşı olardı ki, qeyri-neft sektoru da inkişaf etsin. Bu, yalnız bizim arzumuzla həyata keçirilməz.
Birinci sualınıza cavab olaraq deyim ki, “Barmek” yanvarın 1-dən gəlib və ondan əvvəlki ödəməmələr ona aid deyil və o, buna cavabdeh deyildir. Ödəmələri həll etmək üçün müəyyən stimullar yaranmalıdır. Razılaşın ki, indi belə bir riskli addım atılmalıydı.
SUAL: ARDNŞ-də əməkdaşların sayı neftin həcminə uyğun gəlmir. Dəmir yolunda da vəziyyət eynilə belədir. Onları bazar şəraitində işləyə bilmək səviyyəsinə çatdırmaq üçün ştatların ixtisarı nəzərdə tutulurmu?
CAVAB: Bilirsinizmi, mən hər halda bu fikirdəyəm ki, məsələni kökündən həll etmək lazımdır. Əgər bu gün dövlət oturub, neft şirkətinin ştat cədvəli üzərində düşünsə, razılaşın, bu, düzgün olmazdı. Mənə elə gəlir ki, prinsipcə, neft şirkətinin özünün yenidən qurulması, burada idarəetmə prinsipini dəyişdirmək, mülkiyyət formalarını dəyişdirmək məsələlərini həll etmək lazımdır. Razılaşın ki, ştatlar, struktur məsələsi səhmdarların öz işi olmalıdır. Dövlət bu işə qarışmamalıdır. Ona görə də mənə elə gəlir ki, əgər indi biz bu nəhəng şirkətlərin kadr tərkibini təftişə başlasaq, onda, necə deyərlər, odu qoyub, külü ilə oynamış olarıq. Zənnimcə, burada başlıcası, prinsipcə bütün qalan məsələləri həll edəcək istinad nöqtəsini tapmaq lazımdır. Məncə, indi bu, mülkiyyət məsələsidir, prinsipcə, neft şirkətinin, “Azərikimya” şirkətinin və hazırda sovet menecmentinin qalıqları kimi fəaliyyət göstərən bir sıra digər şirkətlərin statusu məsələsidir. Bunlarda açıq-aşkar israfçı idarəetmə sistemi mövcuddur, korrupsiyanı aradan qaldırmaq qeyri-mümkündür, çünki kadrlar dəyişdirilmədən bu məsələni həll etmək mümkün deyildir. Siz bunu gözəl bilirsiniz. Söhbət ondan gedir ki, orada formanın özünü dəyişdirmək gərəkdir. Səhmləşdirməyə və Səhmdarlar şurası tərəfindən üfqi nəzarət sisteminin tətbiqinə keçmək lazımdır.
` İnanın, bu gün dünya menecmentində bundan daha yaxşı bir çarə tapılmamışdır. Doğrudur, elə sahələr var ki, orada özəlləşdirmə aparmaq mümkün deyildir. Söhbət bəlkə də dəmir yolundan gedir. Əlbəttə , orada hansısa digər mənbələri axtarmaq gərəkdir. Çünki bizim ən böyük problemimiz keyfiyyət problemidir, çünki özəlləşdirildikdən sonra inhisarçı şirkətin özünü necə aparacağı aydın deyildir. Əgər söhbət, misal üçün, yeyinti sənayesi kimi rəqabətli idarəetmədən getsəydi, burada heç bir məsələ olmazdı.
Lakin söhbət inhisarçıdan gedəndə, özəlləşdirmə, sadəcə olaraq, xüsusi yanaşma tələb edir. Özəlləşdirmənin mümkün olmadığı yerlərdə, sadəcə olaraq, keçmişdəki metodla, bu xərcləri azaltmaq üsulundan istifadə etmək lazımdır. Lakin düzünü deyim ki, bu da səmərəsizdir.
SUAL: Bizdə kiçik və orta biznesin bir o qədər də yaxşı inkişaf etməməsi ilə bağlı çoxlu iradlar səslənmişdir. Sahibkarlar Konfederasiyasının həmin istiqamətdə işini - biznes planların hazırlanması və biznesin təşkilinə dair digər tədbirlərini necə qiymətləndirirsiniz?
CAVAB: Əvvəla, mən belə təşkilatların mövcud olduğunu eşitmişəm də, onların fəaliyyətinin nəticələri ilə tanış deyiləm. Sovet dövründə sırf formal işlərlə məşğul olan xeyli ittifaq və şirkət olduğunu bilirsiniz. Əslində isə, çox vaxt tamamilə başqa məqsədlər güdürdülər. Mən istəməzdim ki, indikilər də öz işlərini belə təşkil etsinlər. Dövlət sahibkarlığın müdafiəsi ilə bağlı qurumlar yaradır. Əlbəttə, sahibkarlar da ittifaqlarda birləşə bilərlər, lakin bu, könüllü ittifaq olmalıdır. Zənnimcə, sahibkarlığın müdafiəsi işində onların dirçəldilməsində, ilk növbədə, onların kreditalma imkanını təmin etmək lazımdır. Bu gün burada səsləndiyi kimi, kreditlərin dövlət tərəfindən bölüşdürülməsi, yaxud ayrılması yox, - bu qeyri-mümkündür,- məhz imkan yaradılmalıdır. Razılaşın ki, o cür kreditlər tez bir zamanda qazanc mənbəyinə çevrilir və prinsipcə, biz 1995-1996-cı illərdə buraxdığımız səhvlərə yenə də yol verə bilərik. Həmin illərdə kütləvi şəkildə kreditlər verilirdi və heç nəticəsi olmurdu. Kredit alanlar da, verənlər də müflisləşdilər. Biz hamımız bunun şahidiyik. Ona görə də bu gün bunu təkrar etməyə ehtiyac yoxdur.
SUAL: lakin üçüncü tərəf olaraq, Sahibkarlar Konfederasiyası hökumətlə yenə də müxtəlif sazişlər imzalayır...
SUAL: Vahid müəllim bazar iqtisadiyyatına malik ölkələrdə iqtisadiyyatın dinamik inkişaf təzahürlərindən bir də fond bazarının fəallığı ilə ölçülür. Azərbaycanda 1400-ə yaxın səhmdar cəmiyyəti var və indiyə qədər bizdə qiymətli kağızlar bazarı yaranmayıbdır. Bunun səbəbi nədir?
CAVAB: Bilirsiniz, fond bazarı yaratmaq lazım idi. Normal fond bazarı yaratmaq üçün birinci növbədə sahibkarlar olmalıdır. Razılaşın ki, bizdə özəlləşdirmə, - mən 1996-1998-ci illəri nəzərdə tuturam, - elə üslubda aparılırdı ki, bu vəziyyətdə fond bazarı yaradılmazdı. Ona görə də yaranmamışdır. Məsələn, bizdə kimsə səhmlərin 75-80 faiz, başqası 20 faiz alır. Yəni müəssisənin səhmlərinin 50 faizini alanda bu, o deməkdir ki, sən pulu da, mənfəəti də bölüşdürürsən, riski də bölüşdürürsən. Amma bizdə çalışırlar 100 faizin hamısını alsınlar. Bunu alanda da korporativ ünsiyyətlər yaranmır. Ona görə mən hesab edirəm ki, bu proses hələ bir az vaxt tələb edir.
SUAL: Bəzi dairələrdə bildirirlər ki, ikinci özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanmasına baxmayaraq, mənfi hallar indiyə qədər davam edir. İkinci dövlət özəlləşdirmə proqramında qeyd olunmuşdu ki, Nazirlər Kabineti özəlləşdirməyə nəzarət üzrə dövlət komissiyasının tərkibini və əsasnaməsini bir ay ərzində Prezident Aparatına təqdim etsin. İl yarım keçməsinə baxmayaraq, hələ komissiya yaradılmayıbdır. Bunun səbəbləri nədir?
CAVAB: Bilirsiniz, o vaxtdan bəri idarəetmədə ciddi dəyişikliklər gedibdir. Bu komissiya yaranmalıydı. Çünki özəlləşdirmə prosesində bir neçə qurum - məsələn, Əmlak Komitəsi, İqtisadiyyat Nazirliyi, Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Ticarət Nazirliyi iştirak edirdi. Onda bu tezis irəli sürülmüşdü ki, onlara nəzarət edən, istiqamət verən belə komissiya lazımdır. Amma keçən ilin aprelində bunlar birləşdirildi. Razılaşın ki, belə olan halda həmin komissiyanın mənası yoxdur. Vəziyyət dəyişdiyinə görə nəzarətə ehtiyac yoxdur.
O ki qaldı siz deyirsiniz ki, nöqsanlar var, düzdür. Ən çox şikayətlər çeklə bağlıdır. Müəyyən məhdudiyyətlər qoyulur, camaat çeklərdən istifadədə çətinlik çəkir. Belə problem var.
SUAL: Bu problemin aradan qaldırılması üçün hökumət yollar axtarırmı? Auksiyon mərkəzlərinin sayının artırılması barədə təkliflər hazırlanırmı?
CAVAB: Bəli, hazırlanır. Bu rübdə bu barədə qərarlar çıxarılacaqdır.
SUAL: Siz bayaq dediniz ki, bəzi müəssisələr strateji idarəetməyə veriləcək. Onlardan bir neçəsini sadalaya bilərsinizmi?
CAVAB: Bilirsiniz, bu, hələlik danışıqlar mövzusudur. Strateji idarəetmə ilə özəlləşdirmənin arasında çox da böyük uçurum yoxdur. İndi mən necə deyə bilərəm, danışıqlar hələ davam edir. Konkret onu deyə bilərəm ki, həm strateji idarəetmə, həm də özəlləşdirmə prosesinə demək olar, bütün ağır sənaye cəlb olunacaqdır. İndi bütün lazımi sənədlər təqdim edilmişdir. Baxırlar, seçirlər və öz sözlərini deyəcəklər: birincisi, hansı müəssisəni götürürlər, ikincisi, onlar üçün hansı rejim daha əlverişlidir.
SUAL: Əvvəla, yaxşı, ətraflı cavablarınıza görə həmkarlarım adından sizə təşəkkür etmək və öz sualımı vermək istərdim. Kənd təsərrüfatında böyük uğurlar qazanılıbdır. Amma razılaşın ki, kənd təsərrüfatı sahələrinin inkişafı bərabər səviyyədə getmir. Əgər taxılçılıqda 2 milyon tondan artlq səviyyəyə çıxılıbsa, pambıqçılıqda, üzümçülükdə, çayçılıqda və digər sahələrdə azalmaya yol verilmişdir. Həm sənayenin, həm də emal sahələrinin tələbatını tamamilə ödəməkdən ötrü bu sahələrin inkişafı üçün nə kimi tədbirlər görülür?
CAVAB: Bəli, 2001-ci ildə həm üzüm, həm də pampıq istehsalı, çox olmasa da, hər halda aşağı düşmüşdür. Bilirsinizmi, burada qorxulu nədir? Bu, çox təhlükəli siyasətdir. Nəyisə dirçəltmək, nəyisə bərabərləşdirmək həvəsinə çox asanlıqla düşmək olar. Çünki tələbatı müəyyənləşdirən bazar var, konyuktura var, dünya qiymətləri var. Götürək alüminiumu. Alüminium oksidinin qiyməti çox kəskin şəkildə, az qala, üç dəfə aşağı düşmüşdür. İndi onu ixrac etmək çətinləşmişdir, sadəcə olaraq, sərfəli deyildir. Süni surətdə stimullaşdırmaq, çox baha qiymətə istehsal edib, ucuz qiymətə satmaq, razılaşın ki, heç də ağıllı iş deyildir. Ağılabatan yeganə çıxış yolu daxili bazarda istifadə etmək üçün öz alüminium istehsalımızı stimullaşdırmaqdır. Bu, daha sərfəli olacaqdır. Yeri gəlmişkən, belə də edilir. İndi istehsalı stimullaşdırmaq və pambıqdan necə istifadə etməkdən çox, toxuculuq sənayesinin işləməsinə dövlətin tələbatının olub-olmadığı barədə düşünmək lazımdır. Məsələn, xaricdən parça almağımız özünü nə dərəcədə doğruldur, bəlkə onu özümüzdə istehsal etmək olar? Əgər biz bu yolla toxuculuq sənayemizi beynəlxalq standartlara uyğun məhsul buraxmağa vadar etsək, onda pambığa tələbat avtomatik surətdə yaranacaqdır. Çünki toxuculuq sənayesinə xammal lazımdır və sizi inandırım ki, pambıq istehsalı avtomatik surətdə, çox tezliklə artacaqdır. İstehlakçı bizim şərablara öyrəşsə, üzümçülükdə də belə olacaqdır. İnanın ki, üzüm istehsalı da sürətlə artacaqdır. Lakin bu gün belə bağlılığın, marketinq hesablamalarının olmadığı bir şəraitdə, pambığın dünya qiymətləri getdikcə aşağı düşdüyü halda onun istehsalının, yaxud üzümə kifayət qədər tələbat olmadığı halda onun istehsalının səviyyəsini statistika naminə qaldırmaq yanlış, bazara zidd mövqe olardı.