ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunda Çinin elmi mərkəzləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Çin alimləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Çin Sosial Elmlər Akademiyası nəzdində Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun Çoxtərəfli və regional əməkdaşlıq departamentinin direktoru Li Yonghuinin rəhbərliyi altında Çin alimlərindən ibarət nümayəndə heyətini İqtisadiyyat İnstitutunun direktoru professor Nazim Müzəffərli qəbul edib.
Professor N.Müzəffərli qonaqlara İqtisadiyyat İnstitutunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən fundamental elmi tədqiqatlar, dövlət qurumları ilə əməkdaşlıq, həyata keçirilən layihələr barədə məlumat verib.
Görüş zamanı Çinin elmi mərkəzləri ilə əməkdaşlığın və əlaqələrin genişləndirilməsi imkanları, habelə Çin-Azərbaycan siyasi və iqtisadi əlaqələri, potensial imkanlar, işğaldan azad olunmuş ərazilərimizin ölkənin mövcud sosial-iqtisadi sisteminə reinteqrasiyası və digər məsələlər ətrafında müzakirələr aparılıb.