İQTİSADİYYATIN İNKİŞAFI VƏTƏNDAŞLARIN SOSİAL TƏMİNATINI GÜCLƏNDİRİR
Komissiyanın sədri Hadi Rəcəbli demişdir ki, iqtisadiyyatımız inkişaf etdikcə, dövlətimizin əhalinin sosial müdafiəsinə, xüsusən də aztəminatlı ailələrə, tənha qocalara, kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğısı da artır.
Prezident Aparatından qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilən qanun layihələrində bu öz əksini tapmışdır. “Uşaq hüquqları haqqında” Qanuna təklif olunan əlavədə deyilir ki, “Dövlət uşaqların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir”.
“Vətəndaşların pensiya təminatı haqqında” Qanuna təklif edilən dəyişiklikdə isə göstərilir ki, pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.
Sonra “Polis haqqında” Qanuna edilən dəyişiklik müzakirə olunmuşdur. Sənəddə polis əməkdaşının dövlət tərəfindən sığortalanması, ona dəyən zərərin ödənilməsi qaydaları göstərilmişdir.
Daha sonra digər qanun layihələrinə baxılmış və təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir.