İradə Aşumova: Hər bir idmançı özündə güc toplamalı, yeni zirvələrin fəthinə hazır olmalıdır
Bakı, 11 aprel, Leyla Qurbanova, AZƏRTAC
Koronavirus pandemiyası səbəbindən dünyada bəzi idman yarışları təxirə salınıb, bəziləri isə tamamilə ləğv edilib. Güllə atıcılığı üzrə son yarışımız Polşada oldu. Martın 10-da start götürmüş beynəlxalq turnir də bu səbəbdən yarımçıq dayandırıldı. Turnirdə milli komandanın üzvü Ruslan Lunyov 25 metr məsafəyə atəşaçma yarışlarında iştirak edirdi. Yarışların müvəqqəti dayandırılması idmançıları ruhdan salmamalıdır. Hər bir idmançı özündə güc toplamalı, yeni zirvələrin fəthinə hazır olmalıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova deyib. O qeyd edib ki, ölkədə karantin rejimi hamı kimi idmançıların işini də çətinləşdirib.
“Bizim üçün idmançıların sağlamlığı böyük önəm kəsb edir. Bu problemlərin öhdəsindən birgə gələcəyik. Yetər ki, evdə olsaq da, idmansız qalmayaq. Atıcılıq idman növü fasiləsiz hazırlıq tələb edir. İdmançılara tövsiyəmiz budur ki, hər bir şəraitdə mümkün qədər hazırlıqlarını davam etdirsinlər. Düşünürəm ki, tezliklə həyat öz axarına düşəcək və idmançılarımız yeni qələbələri ilə xalqımızı sevindirəcəklər”, - deyə baş məşqçi bildirib.