İran mətbuatında ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
Tehran, 9 may, AZƏRTAC
İran İslam Respublikasının “Dəniz” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı məqalə dərc edilib.
Məqalədə bildirilir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkədə anarxiya hökm sürməyə başladı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, digər tərəfdən isə daxili qüvvələrin siyasi mübarizəsi ölkənin sosial-iqtisadi vəziyyətini bərbad hala salmışdı.
Azərbaycan xalqı hələ SSRİ dövründə Heydər Əliyevin ölkə üçün həyata keçirdiyi böyük işləri unutmayıb. Ona görə də xalq Naxçıvanda yaşayan görkəmli dövlət xadimi Heydər Əliyevin təkidlə hakimiyyətə qayıdışını tələb etdi. 1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev Azərbaycanda ictimai-siyasi sabitlik yaradaraq onu inkişaf yoluna çıxartdı. Ulu Öndər ilk növbədə atəşkəs rejiminə nail olaraq minlərlə insanın həyatını xilas etdi. Azərbaycanın zəngin neft ehtiyatlarından məharətlə istifadə edən Heydər Əliyev 1994-cü ildə dünyanın böyük neft şirkətləri ilə müasir tarixə “Əsrin müqaviləsi” adı altında düşmüş neft müqavilələrini imzaladı. Bundan sonra Azərbaycana iri həcmli sərmayələr yatırıldı və ölkə iqtisadiyyatı inkişaf etdi.
Məqalədə qeyd olunur ki, yeni dövrdə İran-Azərbaycan münasibətlərinin əsasını da məhz Heydər Əliyev yaradıb. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edərkən Heydər Əliyev 1992-ci ildə Tehrana səfər edərək İranın ali rəhbərliyi ilə görüşlər keçirmiş, iqtisadi və ticarət əlaqələri qurmuşdu.
Bu gün Ümummilli Liderin siyasi kursunu uğurla davam edən Prezident İlham Əliyev Azərbaycanın davamlı iqtisadi inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına və əhalinin sosial vəziyyətinin daha da yüksəlməsinə nail olub.
Ötən il İran və Azərbaycan prezidentlərinin qarşılıqlı rəsmi səfərləri iki qonşu və dost ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələ açıb. Məhz prezidentlərin siyasi iradəsi nəticəsində rəsmi Bakı ilə Tehran arasındakı münasibətlər yüksələn xətlə inkişaf etməkdədir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran