İran tərəfindən saxlanılan Cənubi Koreyaya məxsus gəmi azad edilib
Tehran, 9 aprel, AZƏRTAC
İranın ərazi sularında üzərək ekoloji vəziyyəti pozmaqda ittiham edilərək saxlanılan Cənubi Koreyaya məxsus yük gəmisi azad olunub.
AZƏRTAC xəbər verir ki, bunu məlumatı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə verib.
O bildirib ki, gəmi sahibinin müraciətinə əsasən tədqiqat aparılıb və gəmi kapitanının əvvəllər məhkum olunmaması nəzərə alınıb. İran prokurorluğu gəminin də əvvəllər heç zaman ekologiyanı çirkləndirmədiyini nəzərə alıb və onun azad edilməsi haqqında qərar verib.
Qeyd edək ki, neft məhsullarından ibarət 7200 ton yükü olan gəmi yanvarın 4-də Fars körfəzində İranın Sahil Mühafizə Xidməti tərəfindən saxlanılıb.
Yerli və xarici mətbuatın yazdığına görə, İran Cənubi Koreya bankalarında saxladığı 7 milyard dollar həcmindəki maliyyə vəsaitini almaq üçün müraciət etdikdə isə sanksiyalar bəhanə gətirilib və rəsmi Seul maliyyə vəsaitini İrana verməkdən imtina edib. Məhz bundan sonra Cənubi Koreyaya məxsus gəmi Fars körfəzində həbs edilib. Eyni zamanda, diqqətə çatdırmaq lazımdır ki, rəsmi Seul ölkə banklarında İrana məxsus maliyyə vəsaitinin dondurulduğunu etiraf edir və pulu qaytarmaq istəyində olduğunu bildirir. Bununla yanaşı, onu da bildirir ki, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar maliyyə vəsaitinin İrana qaytarılmasına imkan vermir.
Məsələyə aydınlıq gətirmək üçün Cənubi Koreyanın xarici işlər naziri fevralda İrana səfər edib və rəsmi şəxslərlə görüşüb. Görünən odur ki, səfər zamanı tərəflər arasında müəyyən anlaşma əldə olunub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran