İrana qarşı sanksiyaların ləğvi realdır
Tehran, 8 aprel, AZƏRTAC
Vyanada Avropa dövlətləri ilə İran arasında keçirilən görüşdən sonra rəsmi Tehranla Vaşinqton arasındakı münasibətlərdə yumşalma yaranıb və perspektivdə sanksiyaların aradan qaldırılması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən “S&P Global” media qrupundan bildirilib. Qeyd olunub ki, Vyanada keçirilən danışıqlarda ABŞ birbaşa iştirak etməsə də, onun mövqeyi İran tərəfində çatdırılıb və konstruktiv qarşılanıb. Danışıqların nəticəsi kimi İrana qarşı sanksiyaların tədricən aradan qaldırılması haqqında razılıq əldə olunub. Yaxın vaxtlarda İran dünya bazarına sutkada 2 milyon barel neft çıxara biləcək. Bundan başqa, iki işçi qrupunun yaradılması haqqında da razılıq əldə olunub. Bunlardan biri ABŞ-ın Nüvə sazişinə qayıtmasını araşdıracaq, digəri isə İranın nüvə proqramının məhdudlaşdırılmasına nəzarət edəcək.
Danışıqlarda iştirak edən İranın xarici işlər nazirinin müavini Abbas Ərakçı görüşün konstruktiv keçdiyini bildirib.
Livanın “Elnashra” qəzeti isə sensasiya sayıla biləcək məqalə ilə çıxış edərək nəzərə çatdırıb ki, artıq rəsmi Tehran deyil, Vaşinqton sanksiyaları aradan qaldırmaq üçün İranla danışıqlara can ataraq münasibətləri yaxşılaşdırmağa çalışacaq. Qəzet iddia edir ki, İranın Çin, Rusiya və Hindistana ilə yaxınlaşması ABŞ-ı danışıqlara sövq edib. Dünyanın böyük iqtisadi qüvvəsi hesab edilən Çin və Hindistan ilə İranın əlaqələrinin genişlənməsi onun siyasi nüfuzunu və iqtisadi inkişafını artıracaq. Təsadüfi deyil ki, aprelin 4-də İran ilə Çin arasında 25 il müddətində strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, İrana 400 milyard dollar həcmində sərmayə qoyuluşu nəzərdə tutulub. Bundan başqa, Hindistan da İranın Çabahar limanına və dəmir yollarının tikintisində 2 milyard dollara yaxın investisiya qoymaq haqqında razılıq əldə edib. Hindistan artıq Çabahar limanının yenidən qurulmasına 1 milyard dollara yaxın sərmayə yatırıb. Bu liman ABŞ sanksiyalarından kənarda qalıb. Hindistan Avropa ilə ticarət əlaqələrini məhz bu liman vasitəsilə həyata keçirəcək.
Məqalənin müəllifləri onu da qeyd ediblər ki, Rusiya ilə İran artıq hərbi sahədə əməkdaşlığı artırır və regionda kənar dövlətlərin silahlı qüvvələrinin olmasını istəmir. İran öz iqtisadi imkanları, insan resursları və digər potensialı ilə ABŞ-ın əbədi rəqibləri olan Çin və Rusiyanın yanında yer alacaq ki, bundan sonra onu nə sanksiyalar, nə də müharibə ilə hədələmək olmayacaq.
Görünür, başı daxili işlərə daha çox qarışan yeni Prezident Co Bayden bütün bunları nəzərə alaraq İranla münasibətləri yumşaltmaq, rəsmi Tehranı tamamilə Çin və Rusiyanın protektoriyasına keçməsinin qarşısını almağa çalışır. Hadisələrin göstərilən istiqamətdə inkişaf edəcəyinin nəticəsində nələrin meydana çıxacağını zaman göstərəcək. Hələlik isə İrana hava və su kimi lazım olan sanksiyaların tədricən ləğvi olduqca real görünür.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran