İranın ermənipərəst mövqeyi erməni xalqına sevgisindən yox, öz ticari məqsədlərindən irəli gəlir
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan hər zaman bütün dövlətlərlə qonşuluq və qarşılıqlı əməkdaşlıq prinsipinə əsaslanaraq münasibətlər qurub. Ermənistan-Azərbaycan münasibətləri isə başqa ölkələrin laqeyd və riyakar siyasətinin bəhrəsi olaraq bu həddə qədər gərgin olaraq qalıb. 2020-ci ildə Vətən müharibəsi nəticəsində bir çox dövlətlər artıq Azərbaycanın real gücünün fərqinə vardı. Son iki il ərzində dövlətimizin başçısının mahir diplomatik həmlələri ilə demək olar ki, beynəlxalq ictimai rəyə bu münaqişənin əsl mahiyyətini anlada bilmişik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.
O bildirib ki, bu gün Azərbaycan və Ermənistan arasında müəyyən razılıqlar əldə olunur. Bu, hər cəhətdən regiona müsbət təsir edəcək amildir. Lakin İranın müdaxiləsi Ermənistanın mövqeyinə təsir etmə cəhdinə maneə törədir. Qafanda İran konsulluğunun tələsik şəkildə açılması da Türkiyə-Azərbaycan birliyinə, Ermənistanın da bu iki dövlətlə yaxınlaşma ehtimalına olan narahatlığın nəticəsi idi. İranın bu ermənipərəst mövqeyi erməni xalqına olan sevgisindən yox, məhz öz ticari məqsədlərindən irəli gəlir.
“İran İslam dövləti olsa da erməni terrorçularını dəstəkləməsini məhz dini dəyərlərə hörmətsizlik kimi qiymətləndirərdim. Çünki 30 il müddətində ermənilər Azərbaycana məxsus İslam abidələrini, məscidləri təhqir edib, talayıb və dağıdıblar. Mən İranın bu mövqeyini heç də ədalətli görmürəm. İslam dəyərlərini bu qədər aliləşdirmiş bir dövlətin siyasi xəttinə uyğun olmayan münasibətlər nümayiş olunur. Əgər Ermənistan hakimiyyəti Qərb yolunu, inkişaf yolunu tutubsa, heç bir dövlətin əlində oyuncağa çevrilməməlidir. İranın bu cür təşvişə düşməsinin səbəblərindən biri də Azərbaycanın regionda və dünyada gündən-günə artan nüfuzudur. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyanın “Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edirik” fikri isə heç bir kontekstə sığmır. Əgər Ermənistan təhlükəsizliyinə təminat almaq istəyirsə Azərbaycanla ortaq maraqlar əsasında əldə olunmuş razılıqdan qaçmamalıdır. Heç bir dövlət uzun müddət Ermənistanı himayə etməyəcək. Regionun təhlükəsizliyində, inkişafında və rifahında yeganə qarant Azərbaycandır”, - deyə Müşfiq Cəfərov qeyd edib.