İranlı qonaqlar Naxçıvanda fəaliyyət göstərən istehsal müəssisələri ilə tanış olublar
Naxçıvan, 28 fevral, AZƏRTAC
Fevralın 27-28-də İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edərək, Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Naxçıvan Biznes Mərkəzinə gələn qonaqlar burada sərgilənən istehsal məhsulları ilə yaxından tanış olublar. Məlumat verilib ki, muxtar respublikada sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində 383 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Qonaqlar Naxçıvanda fəaliyyət göstərən istehsal müəssisələrində də olublar. “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi ilə tanışlıq zamanı bildirilib ki, müəssisədə dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Təcrübəli mütəxəssislərin çаlışdığı müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılıb. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir. Burada işlər avtomatlaşdırılmış şəkildə yerinə yetirilir.
“Gəmiqaya Bərəkət Qida Məhsulları” MMC-nin istehsal prosesi ilə maraqlanan qonaqlara məlumat verilib ki, dövlət maliyyə dəstəyi ilə müəssisədə çörək, makaron və peçenye, süd məhsulları və Şərq şirniyyatları istehsalı sahələri yaradılıb. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliyadan gətirilən müasir texnoloji avadanlıqlar quraşdırılıb. Makaron sexində istehsal edilən müxtəlif növdə keyfiyyətli məhsul 350, 500 qramlıq və 10 kiloqramlıq kisələrdə, Şərq şirniyyatları istehsalı sahəsində hazırlanan Azərbaycan milli şirniyyatları - şəkərbura, Ordubad və Şəki paxlavaları, müxtəlif çeşidlərdə qat-qat, şəkərçörək, milli şirin çörək və digər unlu-qənnadı məmulatları nəfis tərtibatla bəzədilmiş taralarda satışa çıxarılır. Müəssisədə bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil olunub.
Nümayəndə heyəti “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də də olub, bu müəssisənin istehsal gücü, burada istehsal edilən məhsulların çeşidi haqqında ətraflı məlumat alıb. Qeyd olunub ki, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndləri ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün bu müəssisəyə gətirilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Müəssisədə Türkiyə istehsalı olan “Sesemak” markalı avadanlıqlar quraşdırılıb. Böyük və kiçikölçülü travertin plitələrdən, əsasən, binaların fasadının və həyətyanı sahələrin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərinin hazırlanmasında istifadə olunur. Gündəlik istehsal gücü 2000 kvadratmetr olan müəssisədə klassik ağ və qara travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər, sienit də istehsal edilir. Həmçinin müəssisədə dekorasiya sexi də fəaliyyət göstərir. Burada müasir texnoloji avadanlıqlar quraşdırılıb.
“Gəmiqaya Mebel Fabriki” MMC ilə tanış olan qonaqlara bildirilib ki, müəssisədə müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün Almaniya, İtaliya və Türkiyə respublikalarından müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Hazırda fabrikdə divan-kreslo və yumşaq oturacaqlar, həmçinin ofis, mətbəx, yataq, qonaq və uşaq otağı mebelləri, müxtəlif qapı-pəncərə modelləri hazırlanır. Bu ünvanda müştərilər müxtəlif ağac növlərindən hazırlanmış qapı və pəncərələri, modern və klassik üslubda dizayn edilmiş mebelləri, binalar üçün müxtəlif avadanlıqları seçə, həmçinin dizayn-dekorasiya xidmətlərindən yararlana bilərlər.
Qonaqlar “Gəmiqaya Mineral Sular” MMC-nin və Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə də yaxından tanış olublar.
Fevralın 28-də isə nümayəndə heyəti “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edib.
Bununla da İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.