İRAQDA SABİTLİYİN TƏMİN OLUNMASINDA AZƏRBAYCAN SÜLHMƏRAMLILARININ ROLU YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasının yaxşı təşkilinə və qonaqpərvərliyə görə təşəkkür edən Rafe əl-İssavi İraqdakı vəziyyət barədə məlumat verərək, ölkəsində siyasi durumun qismən yaxşılaşdığını söyləmiş, sabitliyin təmin olunmasında Azərbaycan sülhməramlılarının iştirakını yüksək qiymətləndirmişdir.
Rafe əl-İssavi ölkəsində hələ də sabitliyin təmin edilməsi ilə bağlı problemlərin olduğunu, xüsusilə də terror aktlarının böyük təhlükə törətdiyini bildirmiş, İraq cəmiyyətində barışığa nail olunması məqsədi ilə Ərəb Dövlətləri Liqası ilə yanaşı, İslam Konfransı Təşkilatının da dəstəyinə arxalandıqlarını demişdir.
Nazir E.Məmmədyarov hələ SSRİ dövründə İraq ilə Azərbaycan arasında sıx əlaqələrin olduğunu vurğulayaraq, həmin dövrdə Bakıda İraqın Baş konsulluğunun fəaliyyət göstərdiyini xatırlatmışdır. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının sədri kimi E.Məmmədyarov Bağdadda qurumun koordinasiya idarəsinin açılmasının İKT ilə İraq arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olduğunu vurğulamışdır. Nazir Azərbaycanın İraqa nəinki çoxtərəfli əsasda, həmçinin ikitərəfli səviyyədə də dəstək verəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən regional vəziyyət barədə fikir mübadiləsi olmuşdur.