“İrəli” İctimai Birliyi 20 Yanvar faciəsi ilə əlaqədar fləş-mob keçirib
Bakı, 20 yanvar, AZƏRTAC
“İrəli” İctimai Birliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində “İrəli” gəncləri Şəhidlər xiyabanında Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən igid övladlarımızın məzarını ziyarət edib, onların əziz xatirələrini hörmətlə anıblar.
“İrəli” İctimai Birliyi 250-dən çox gəncin iştirakı ilə “Əbədi məşəl” adlı fləş-mob həyata keçirib. Fləş-mobda “İrəli” gəncləri tərəfindən 1200-dən çox şam işığı ilə Şəhidlər xiyabanında ucadılmış Əbədi məşəl abidəsinin eskizi yaradılıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bununla yanaşı, dünya ictimaiyyətini faciə barədə məlumatlandırmaq və dünya trendinə düşmək üçün “İrəli” gəncləri tviterdə #BlackJanuary, #20January1990, “20 Yanvar”, “Qanlı Yanvar” həştəqləri ilə aparılan kampaniyada fəal iştirak ediblər.
Birlik tərəfindən həyata keçirilən silsilə tədbirlərin başlıca məqsədi qəhrəmanlıq tariximizin bu şanlı səhifəsini gənclərə çatdırmaq, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, müasir gənclikdə dövlətçilik ruhunu gücləndirməklə ölkənin gələcək taleyinə məsuliyyət hissini artırmaq olub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Qələbənin qazanılması ilə 20 Yanvar faciəsi qurbanlarının və digər şəhidlərimizin də qanı yerdə qalmadı.